...

Avropa Parlamentinin fransalı üzvü Natali Luazo uzun müddətdir ermənipərəst mövqeyi ilə tanınır - RƏY

Siyasət Materials 20 Sentyabr 2024 18:18 (UTC +04:00)
Avropa Parlamentinin fransalı üzvü Natali Luazo uzun müddətdir ermənipərəst mövqeyi ilə tanınır - RƏY
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Məlumdur ki, Avropa Parlamentinin fransalı üzvü Natali Luazo, ermənipərəst mövqeyi ilə uzun müddətdir ki, tanınır. O, Avropa Parlamentinin son iclasında yenidən ölkəmizə qarşı iftiralar, qarayaxmalar yaxaraq, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə qarşı fikirlər irəli sürmüşdür. Natali Luazo keçmiş münaqişəni yenidən gündəmə gətirərək, Qarabağdan guya etnik təmizləməyə məruz qalmış ermənilərin məsələlərini qabartmaqla əslində Ermənistanı revanşizmə sürükləmək və münaqişənin alovlanmasına xidmət etmək istiqamətində bəyanat səsləndirmişdi. Aydın məsələdir ki, Azərbaycan 2020-ci il 44 günlük Vətən müharibəsi və ötən il sentyabr ayında öz ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş və öz ərazisində mövcud olan Ermənistan Hərbi Qüvvələrinin mövcudluğuna son qoymuş və separatizmin kökünü kəsmişdir. Natali Luazonun əvvəlki bəyanatlardan heç nəyi ilə fərqlənməyən bu dəfəki bəyanatı da yalnız sülhün, əmin-amanlığın və artıq Cənubi Qafqazda bərqərar olunmuş rifahın əleyhinə səslənən bəyanatdır.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

O qeyd edib ki, ümumiyyətlə, Avropa Parlamentinin deputatları uzun müddətdir ki, Azərbaycana qarşı qarayaxma kampaniyasında fəal iştirak edirlər və Azərbaycanın haqq səsinin, beynəlxalq hüququn bərpasının, öz suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsini həzm edə bilmirlər.

"Təbii ki, Natali Luazonun səsləndirdiyi ermənilərin Qarabağda “etnik təmizləməyə məruz qalması” və guya Azərbaycanın oradakı etnik ermənilərə qarşı həyata keçirdiyi “etnik təmizləmə” məsələsini qabartmaqla, Ermənistanda revanşizmin alovlanmasına və daha çox post-münaqişə dövründə konstruktiv mühitin yaranmasına zərbə vurur. Bu baxımdan Natali Luazonun və ümumiyyətlə, Avropa Parlamentinin 2020-ci ildən bəri olan mövqeyi qəbuledilməzdir. Hətta yeni seçilmiş Avropa Parlamentinin deputatları belə öz keçmiş sələflərindən geri qalmayaraq, Azərbaycana qarşı qarayaxma kampaniyasında sanki yarışa çıxırlarmış kimi ölkəmizə qarşı kampaniyanın aparılmasında iştirak edirlər", - deputat əlavə edib.

Onun sözlərinə görə, yaxşı olardı ki, Natali Luazo Azərbaycanın daxili işlərinə qarışmaq əvəzinə, Avropa qitəsində olan problemləri xüsusilə də Fransanın özünün daxilində baş verən məsələləri və Fransanın müstəmləkəçilik siyasiətini ifşa edərdi.

"Məlumdur ki, son zamanlar Fransa Qarabağda və başqa yerlərdə insan hüquqlarından, demokratiyadan danışsa da, özü heç də demokratik prinsiplər və insan hüquqlarına hörmət etmir. Buna örnək olaraq, Yeni Kaledoniyada və Martinik bölgələrində Fransanın müstəmləkə ərazilərində baş verən hadisələri göstərmək olar ki, fransız qüvvələri həmin regionlarda yaşayan və Fransanın işğalı altında qalmağa davam edən ərazilərdə insanların hüquqlarını pozurlar, öz hüquq və azadlıqlarını tələb edən insanlara atəş açaraq onların həyatına qarşı laqeyd yanaşırlar.

Beləliklə, biz bütün bu məsələləri gözə alaraq, Natali Luazonun çıxışını riyakarlıq, ikiüzlülük və öz məkrli, çirkin, siyasi planlarını ört basdır etmək kimi qiymətləndiririk və Natali Luazonu Avropa Parlamentində daha konstruktiv olmağa və Azərbaycanın daxili işlərinə qarışmamağa çağırırıq", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti