Bakı. Trend:
25-dən artıq cinayət işinin ibtidai araşdırması yekunlaşdırılıb.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın hərbi prokuror Xanlar Vəliyevin “Respublika” qəzetində dərc olunmuş məqaləsində deyilir.
"2005-ci ildən başlamaqla, əvvəlki illərdə də Silahlı Qüvvələrdə 1992-2004-cü illərdə törədilmiş qəsdən adam öldürməyə cəhd, qəsdən adam öldürmə və digər ağır, xüsusilə ağır cinayət hadisələri ilə bağlı ibtidai araşdırmanın yekunlaşdırılması mümkün olmayıb
Bu, səriştəsizlik və bəzi hallarda isə yarıtmaz fəaliyyət ucbatından baş verib".
X.Vəliyev bildirib ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməməsi əsası ilə icraatı dayandırılmış cinayət işlərinin təcrübəli əməkdaşlar tərəfindən öyrənilməklə, bir neçəsi üzrə icraatın təzələnərək ibtidai istintaqın davam etdirilməsi, yekun qərarların qəbul olunması, bununla da ibtidai araşdırmanın qurtarması təmin edilib.
“İcraatı təzələnmiş işlər üzrə düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, istintaqçıların peşəkarlığı və əzmi, eləcə də, məharətlə həyata keçirilmiş prosessual rəhbərlik sayəsində 25-dən artıq cinayət işinin ibtidai araşdırması yekunlaşdırılıb. Cinayət törətmiş şəxslərin ifşa olunmasına, faktlara və şəxslərin əməllərinə hüquqi qiymət verilməsinə nail olunub”, - deyə o əlavə edib.