...

Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və qətiyyətli siyasi kurs ölkəmizin milli maraqlarını uğurla təmin edir

Siyasət Materials 9 Yanvar 2025 12:06 (UTC +04:00)
Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və qətiyyətli siyasi kurs ölkəmizin milli maraqlarını uğurla təmin edir

Bakı. Trend:

Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsini qürurla izlədik. Çünki Prezident İlham Əliyev jurnalistlərin suallarını cavablandırdıqca, hər bir məsələ üzrə təhlillər apardıqca, həm də respublikamızın inkişafının və uğurlarımızın təqdimatını etdi. Bu müsahibənin fonunda bir daha göründü ki, müstəqil siyasət həyata keçirən Azərbaycan öz maraqlarını qətiyyətlə qoruyan və söz sahibi olan bir dövlət səviyyəsinə yüksəlib.

Ümumiyyətlə, Prezident İlham Əliyev tərəfindən yerli televiziyalara bu formatda müsahibələrin verilməsi artıq bir müddətdir ki, gözəl ənənəyə çevrilib. Belə müsahibələrdə həm respublikamızda geridə qalan il ərzində cərəyan edən aktual siyasi-ictimai və iqtisadi proseslərə, hər bir sahə üzrə ilin yekunlarına və əldə olunan nailiyyətlərə nəzər salınır, həm də qarşıda dayanan vəzifələr diqqətə çatdırılır.

Müsahibədə diqqətimizi ilk növbədə cəlb edən bu oldu ki, Prezident İlham Əliyev verilən sualları cavablandıranda fikirlərini olduqca yüksək məntiqi ardıcıllıqla diqqətə çatdırdı, hər bir prosesi, hər bir məsələni son dərəcə dərin siyasi peşəkarlıqla təhlil etdi. Bütün bunlar bir daha Prezident İlham Əliyevin siyasi-diplomatik peşəkarlığından və yüksək liderlik keyfiyyətlərindən xəbər verdi.

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin cavablandırdığı ilk sual da 2024-cü ilin sosial-iqtisadi yekunlarının göstəriciləri barədə oldu. Dövlət başçısının səsləndirdiyi statistik göstəricilər, yəni 2024-cü ildə ümumi daxili məhsulun 4 faizdən çox, qeyri-neft sektorunun 6 faizdən çox, qeyri-neft sənayesinin isə 7 faizdən çox artması, il ərzində valyuta ehtiyatlarımızın təqribən 5 milyard dollardan çox artaraq 72 milyard dollara çatması olduqca mühüm iqtisadi nailiyyətlərdir. Bunlar təsdiq edir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi kurs, reallaşdırılan iqtisadi islahatlar özünün effektiv nəticələrini verməkdədir. Dövlət başçısının qeyd etdiyi kimi bu, aparılan iqtisadi islahatların, şəffaflığın, inhisarçılığa qarşı mübarizənin, iqtisadiyyata investisiyaların cəlb edilməsinin, investisiya iqliminin yaxşılaşdırılmasının nəticəsidir.

Ümumiyyətlə, Prezident İlham Əliyevin iqtisadi sfera ilə bağlı diqqətə çatdırdığı məsələlər olduqca qürurvericidir. Məsələn, Azərbaycanın xarici borcu ümumi daxili məhsulumuzun cəmi 7.2 faizini təşkil edir. Dünyada bu cür iqtisadi göstəriciyə malik olan dövlət göstərmək çətindir. Hətta inkişaf etmiş ölkələrin çoxunda belə xarici borc xarici ÜDM-i üstələyir. O cümlədən adambaşına düşən ehtiyatlara görə Azərbaycan dünyada aparıcı ölkələrin sırasında olması mühüm iqtisadi və sosial nailiyyətdir. Bütün bunlar respublikamızda qarşıda dayanan bütün vəzifələrin uğurla yerinə yetirilməsinə, respublikamızın öz hədəflərinə doğru inamla addımlamasına özünün müsbət təsirini göstərir.

Geridə qoyduğumuz 2024-cü il siyasi, habelə Azərbaycanın qlobal proseslərdə iştirakı baxımından da respublikamız üçün uğurlu oldu. Belə ki, ötən ilin noyabrında Bakıda keçirilən COP29, eləcə də dekabr ayında Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olması mühüm siyasi və qlobal qələbələrimiz olmaqla yanaşı, respublikamızın beynəlxalq mövqelərini bir qədər də möhkəmləndirdi. Təsadüfi deyil ki, yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev COP29-u ölkəmizin təqdimatı kimi dəyərləndirdi:

“Bizim regionda hələ buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir keçirilməyib. Bu, ölkənin təqdimatı idi”.

D-8 isə müsəlman dövlətlərini birləşdirən ən böyük təşkilatdır. 1996-cı ildə İstanbulda yaradılan təşkilata ötən ilin dekabrına qədər Türkiyə, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistan daxil idi. Bu ölkələrin əhalisi bir milyarddan çoxdur, iqtisadiyyatları isə dünyadakı 60-dan artıq müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edir. Yarandıqdan sonra bu təşkilata əlavə üzv edilməyib. Azərbaycanın bu təşkilata üzv qəbul edilməsi isə Prezident İlham Əliyevin müsahibədə qeyd etdiyi kimi ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir.

Vətən müharibəsinin və antiterror tədbirlərinin ardınca ötən il Qazax rayonunun dörd kəndinin erməni işğalından azad edilməsi müasir tariximizin mühüm siyasi-hərbi uğurudur. Bu kəndlərin azad olunması göstərdi ki, Prezident İlham Əliyev Azərbaycan milli mənafelərini qətiyyətlə təmin edir və bir qarış torpağımız da düşmən tapdağında qala bilməz. Məlum olduğu kimi, Prezident İlham Əliyev bu kəndlərin işğaldan azad edilməsi məsələsinə yerli televiziya kanallarına ötən ilin yanvarında verdiyi müsahibədə də toxunmuşdu və bildirmişdi ki, anklav olmayan 4 kənd qeyd-şərtsiz azad edilməlidir. Artıq həmin kəndlər ötən ilin aprel ayından etibarən işğaldan azad olunub və Prezident İlham Əliyevin müsahibəsində dediyi kimi biz bu məsələdə ədalətə nail olduq, ərazilərimizi bərpa etdik.

Bu gün Azərbaycanın əsas niyyətlərindən biri regionda möhkəm sülhün təmin olunmasıdır. Ermənistan rəhbərliyi öz açıqlamalarında sülhə tərəfdar oldularını desə də, reallıq bunun əksini göstərir. Belə ki, Ermənistanın silahlanması onun məramının sülh olmadığını ortaya qoyur. Müsahibəsində bu məsələyə toxunan Prezident İlham Əliyev çox düzgün olaraq qeyd etdi ki, Ermənistanın həm özü, həm onun yeni havadarları sülh istəmirlər. Eyni zamanda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bir daha Ermənistana xəbərdarlıq edərək dedi:

“Bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq”.

Ermənistanda gedən silahlanma prosesi bütün Cənubi Qafqaz üçün yeni təhdidlər doğurur və Azərbaycan bunu sadəcə müşahidə etməklə kifayətlənməyəcək. Məlum olduğu kimi Ermənistan rəhbərliyinin vaxtilə Prezident İlham Əliyevin xəbərdarlıqlarından nəticə çıxarmaması bu ölkəyə və onun vətəndaşlarına baha başa gəldi. Bu mənada Ermənistan rəhbərliyi 44 günlük müharibəni və antiterror tədbirlərini göz önünə gətirməli, reallığı dərk edərək Prezident İlham Əliyevin bu xəbərdarlığından nəticə çıxarmalıdır.

Konkret olaraq Ermənistanla sülh sazişinin imzalanmasına gəldikdə isə Azərbaycanın bununla bağlı şərtləri dəyişməzdir. Bu şərtlər Ermənistan konstitusiyasının dəyişdirilməsi və Minsk qrupunun ləğv edilməsidir. Bunlarsız sülh sazişinin imzalanması mümkün deyil. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil: “Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik”.

Ümumiyyətlə, Prezident İlham Əliyevin müsahibəsində toxunduğu məsələlərin hər biri Azərbaycan dövlətinin bütün sahələrdə mükəmməl və qətiyyətli siyasi kurs həyata keçirdiyini göstərir. Bu sırada Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun bərpası və keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı açıqladığı perspektiv hədəfləri də xüsusi qeyd etməliyik. Ötən üç il ərzində Qarabağ və Şərqi Zəngəzurun 10 yaşayış məntəqəsinə keçmiş köçkünləri qayıdışı təmin edilib. Bu il isə dövlətimizin başçısının vurğuladığı kimi daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünlərin qayıdışı planlaşdırılır. Eyni zamanda cənab Prezident İlham Əliyev müsahibədə diqqətə çatdırdığı mühüm məsələlərdən biri azad edilmiş ərazilərdə icra olunan əsas infrastruktur layihələrinin bir-iki ilə başa çatdırılması barədə oldu. Göründüyü kimi işğaldan azad edilmiş ərazilərimizin bərpası sürətlidir. Əsas infrastruktur layihələrinin başa çatdırılmasından sonra isə diqqət əsasən evlərin tikintisinə yönəldiləcək.

Bütövlükdə, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi geniş müsahibədə Azərbaycanın yüksəlişinə, nailiyyətlərinə, beynəlxalq birlikdəki yeri və roluna, Fransanın və digər Qərb siyasi dairələrinin antiazərbaycançı planlarının iflasa uğradılması ilə bağlı məsələlərə, qonşu dövlətlərlə münasibətlərə nəzər salmaqla təəssüratlarımızı yenilədi. Göründüyü kimi dövlətimizin başçısının müdrik, qətiyyətli və uzaqgörən siyasi kursu bütün sahələrdə ölkəmizin mənafelərini layiqincə təmin edir. Və cənab Prezidentin müsahibəsində bildirdiyi kimi biz elə ölkədə yaşayırıq ki, doğrudan da ilk növbədə ölkəmizlə, xalqımızla fəxr edə bilərik.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti