Bakı. Trend:
Fransa hələ də qəbul etmir ki, əlində olan torpaqlar onun deyil, müstəmləkədir.
Trend xəbər verir ki, bu barədə bu gün Fransanın “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru, Parisin “La Gazette du Caucase” internet-qəzetinin baş redaktoru Jan Mişel Brün Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, Fransa müstəmləkəsi assimilasiya siyasəti ilə xarakterizə olunur.
“Fransa müstəmləkə ərazilərinə öz mədəniyyətini, tarixini yeridir. Reyunyonda isə assimilasiya xüsusi forma aldı. Orada əvvəllər etnik xalqların sayı çox idi. Amma orada bütün bu etnik mədəniyyətləri boğmağa çalışırdılar ki, yalnız Fransa mədəniyyəti olsun. Bu isə Reyunyon üçün ölümcül nəticələr doğurdu.
Bu gün bizim danışdıqlarımız lazımi yerlərə çatmalıdır ki, nəticə əldə edə bilək”,- deyə o bildirib.
Qeyd edək ki, Reyunyon adası 1500-cü illərin əvvəllərində Portuqaliyalı səyyahlar tərəfindən kəşf edilib. Ada 1642-ci ildə XIV Lüdovikin dövründə fransızlar tərəfindən ələ keçirilib və Burbon adası adlandırılıb. Üç il sonra isə ilk daimi koloniya qurulub.
Reyunyon adasında müstəmləkəçilik irsi iqtisadi, siyasi və sosial sahələrdə öz təsirini davamlı şəkildə hiss etdirir. Fransanın adadakı dominant mövqeyi və güclü təsir mexanizmləri yerli xalqın siyasi və iqtisadi müstəqilliyə nail olmaq uğrunda göstərdiyi səylərə ciddi maneələr yaradır. İqtisadi sahədə bu təsir, adanın xarici ticarət və investisiyalar baxımından Fransadan yüksək dərəcədə asılı olması, yerli istehsalın zəifləməsi və işsizlik səviyyəsinin yüksək qalması kimi məsələlərdə özünü göstərir. Siyasi sahədə isə Fransa tərəfindən tətbiq olunan idarəetmə modelləri və institusional mexanizmlər Reyunyon xalqının öz müqəddəratını təyin etmək hüququnu məhdudlaşdırmaqla yanaşı, onların qərarvermə prosesində iştirakını da minimuma endirir.