Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos Forumunda növbəti dəfə iştirakı və mühüm görüşlər keçirməsi Azərbaycanın beynəlxalq aləmdə güclü nüfuza malik olmasını bir daha təsdiq edir.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Azərbaycan daim beynəlxalq əməkdaşlığın və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə verməklə dünyada etibarlı tərəfdaş kimi böyük nüfuz qazanıb:
“Bu gün Azərbaycan dünyanın ən nüfuzlu beynəlxalq platformalarında təmsil olunur. Davos Ümumdünya İqtisadi Forumu da ən nüfuzlu beynəlxalq platformalardan biridir. Ölkəmiz uzun illərdir ki, Davos Forumunda dövlət başçısı səviyyəsində təmsil olunur. Bu forumda iştirak ölkəmizə böyük iqtisadi və siyasi dividendlər gətirir.
Davos Forumunda çoxlu sayda hökumət və dövlət başçıları, dünyanın nəhəng şirkətlərinin rəhbərləri iştirak edirlər. Forum çərçivəsində beynəlxalq biznes ictimaiyyəti, digər ölkələrin dövlət və hökumət başçıları, rəsmi şəxsləri və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirilir. Bu forum çərçivəsində də Prezident İlham Əliyev həm dövlət və hökumət başçıları, həm də böyük şirkətlərin rəhbərləri ilə mühüm görüşlər keçirir. Şübhəsiz ki, bu görüşlər ölkəmiz üçün böyük faydalar gətirəcək.
Məlum olduğu kimi, nəhəng şirkətlərin rəhbərləri ilə Prezident
İlham Əliyev arasında baş tutan görüşlərdə şirkət rəhbərləri
Azərbaycanla əməkdaşlıq etməkdə və ölkəmizə investisiya yatırmaqda
maraqlı olduqlarını ifadə etdilər. Əlbəttə, bu, beynəlxalq aləmdə
ölkəmizə olan böyük inam və etibarın daha bir göstəricisidir. Bunun
nəticəsidir ki, bu gün böyük şirkətlər tərəfindən Azərbaycana
sərmayə qoyulur".
A.Həsənova vurğulayıb ki, Davos platforması Azərbaycan
reallıqlarının ətraflı və əsaslı şəkildə təqdim edilmə imkanı
yaradır:
“Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi zəfəri ilə regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar dünya ictimaiyyəti tərəfindən qəbul edilir. Bu reallıqlar beynəlxalq aləmdə Azərbaycana olan marağı xeyli dərəcədə artıb”.