Bakı. Trend:
Xarici işlər naziri Ceyhun Bayramov yanvarın 23-də Belarus Respublikasının ölkəmizdəki səfiri Andrey Ravkovu Azərbaycandakı diplomatik fəaliyyətini başa vurması münasibətilə qəbul edib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Nazir Ceyhun Bayramov səfir Andrey Ravkova Belarusun Azərbaycandakı səfiri olduğu dövrdə səmərəli fəaliyyətinə görə təşəkkür edib, ona gələcək işlərində uğurlar arzu edib.
İki ölkə arasında mövcud strateji tərəfdaşlığın inkişafında ali və yüksək səviyyəli təmasların, qarşılıqlı səfərlər və beynəlxalq platformalar çərçivəsində fikir mübadilələrinin əhəmiyyəti vurğulanıb.
Xüsusilə, iqtisadiyyat, ticarət, investisiyalar sahəsində əməkdaşlığın geniş perspektivlərinin olduğu bildirilib, bu istiqamətdə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyətinin vacibliyi qeyd olunub.
Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Səfir Andrey Ravkov ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə qarşılıqlı faydalı əməkdaşlıq və dəstəyə görə təşəkkür edib, Azərbaycan-Belarus strateji tərəfdaşlığının bundan sonra da yüksələn xətt üzrə inkişafına əmin olduğunu qeyd edib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.