Bakı. Trend:
"Daxili müxalifət məsələlərinin qaldırılmasının düzgün olmadığını düşünürəm, çünki bu, ümumilikdə heç kimə fayda verməyəcək".
“Ermənistan” fraksiyasının deputatı, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan "siyasi lider" olmaq fikrinə düşüb. O, ölkə parlamentində jurnalistlərin suallarını cavablayarkən bildirib ki, "müxalifət daxilindəki məsələlərin geniş müzakirəsini doğru seçim hesab etmir".
Ona, Robert Köçəryan və Serj Sarqsyanın tərəfdarları arasında gərginlik olub-olmadığı barədə sual veriləndə Levon Köçəryan belə cavab verib: “Kimsənin sözlərini şərh etmək istəmirəm. Xüsusilə də Facebook-da bəzi şəxslərin bir-biri ilə şifahi mübahisələrə girdiyini, qarşılıqlı təhqirlər səsləndirdiyini bilirəm. Biri Robert Köçəryanın, digəri isə başqa siyasi komandanın tərəfdarı ola bilər. Amma bu, bizim kimisə yönləndirdiyimiz və ya təlimat verdiyimiz anlamına gəlmir. Bizim bu cür təlimatlar verən partiya strukturlarımız və ya dövriyyələrimiz yoxdur. Sadəcə atama və bizim siyasi komandaya böyük hörmət bəsləyən şəxslər var ki, müxtəlif məsələlərə dair öz fikirlərini ifadə edirlər. Lakin bu, onların mövqeyinin bizim mövqeyimizlə tam üst-üstə düşdüyü mənasına gəlmir.
Jurnalistin “bəs yüksək səviyyədə gərginlik varmı?” sualına Levon Köçəryan qısa cavab verib: “Xeyr, gərginlik yoxdur”.
Beləliklə, "Köçəryan Cunior" iddia edir ki, sən demə, atası ilə Serj Sarqsyanın komandaları arasında heç bir gərginlik yoxdur. Bu bəyanat ya misilsiz siyasi sadəlövhlükdür, ya da müxalif düşərgədəki açıq çatları ört-basdır etmək cəhdidir.
Ermənistanın daxili siyasi arenasında yaşananlar isə ata və oğul Köçəryanların dediklərinin, yumşaq yazsaq, yalan olduğunu göstərir.
Sadə sual: əgər Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarqsyan arasında gərginlik, hətta düşmənçilik yoxdursa, onlar baş nazir Nikol Paşinyanı hakimiyyətdən kənarlaşdırmaqla bağlı vədlərini reallaşdırmaq üçün niyə bir araya gələ bilmirlər?
2021-ci il parlament seçkilərindən üç il ötüb, lakin erməni müxalifəti hələ də vahid platforma yarada bilməyib. Hanı vəd edilən konsolidasiya? Əgər Köçəryanla Sarqsyan arasında fikir ayrılığı yoxdursa, niyə onların strukturları ayrıca fəaliyyət göstərir?
Xatırladaq ki, 2021-ci ildə Robert Köçəryan açıq şəkildə bəyan etdi ki, Ermənistan Respublikaçılar Partiyası (ERP) ilə əməkdaşlıq etmək niyyətində deyil, çünki "respublikaçıların strategiyası və kursu köhnəlib, onlar əvvəlki nüfuzla imkanlarını itiriblər".
Ötən il Köçəryanın keçmiş mətbuat katibi Viktor Soqomonyan açıq
şəkildə demişdi: “ERP artıq öz missiyasını başa vurub, onun yeri
tarixdədir - Ermənistanın gələcəyində yox”.
Serj Sarqsyanın lider olduğu Ermənistan Respublikaçılar
Partiyasının (ERP) funksionerləri və bu strukturdan parlamentə
seçilən deputatlarsa az qala birmənalı, yekdil şəkildə Robert
Köçəryanı prezident olduğu illərdəki yarıtmaz fəaliyyətdə,
avtoritarlıqda, kompromisləri rədd etməkdə suçlayırlar.
Sabiq ədliyyə naziri David Harutyunyan müsahibələrindən birində söyləyib: "Robert Köçəryan əsla vahid müxalifət lideri ola bilməz, çünki bu adam komanda ilə işləməyi sevmir və bacarmır".
Belədirsə, Levon Köçəryanın bəhs etdiyi "qarşılıqlı anlaşma və uzlaşma" haradadır görəsən?
Robert Köçəryanın oğlu deyəsən, eynən atası kimi, ya riyakarlıq edir, ya da yaşananları anlamır.
“Biz heç kimi yönləndirmirik”,- deyir Levon Köçəryan.
Belədirsə, bəs Robert Köçəryanla Serj Sarqsyan arasında kompromat savaşlarını, siyasi didişmə və boğuşmaları hansı müstəviyə şamil edək?!
Levon Köçəryan atasının və Sarqsyanın tərəfdarları arasında sosial şəbəkələrdə yaşanan qalmaqalları sıravi "şəxslərin fərdi fikirləri" kimi təqdim etməyə çalışır. Amma faktlar tam əksini deyir.
Belə ki, Köçəryana yaxın Telegram kanalları sistematik şəkildə Sarqsyanı hədəfə alır, onu “korrupsioner hakimiyyətin simvolu” və “2018-ci ilin məğlubiyyətinə görə məsul şəxs” adlandırırlar. Eyni zamanda, S.Sarqsyanın keçmiş nazirləri barədə kompromat xarakterli materiallar sızdırıldı və politoloq Benyamin Matevosyanın sözlərinə görə, bu ifşaların mənbəyi məhz Köçəryan tərəfdarları idi. Daha sonra isə R.Köçəryanın “Ermənistan” blokunun bir deputatı açıq şəkildə dedi: “Biz Sarqsyan və onun komandasının məğlubiyyətinə görə məsuliyyət daşımayacağıq, onların uğursuzluqları öz problemidir”.
Əgər bunlar təşkil olunmuş hücumlar deyilsə, bəs nədir? Levon Köçəryan istədiyi qədər təkid edə bilər ki, onun komandası bu işlərə qarışmır, amma siyasətdə təsadüflər olmur.
Levon Köçəryan niyə həqiqəti deməkdən çəkinir? O, “daxili müxalifət məsələlərini qaldırmağın düzgün olmadığını və bunun heç kimə fayda verməyəcəyini” iddia edir.
Reallıqsa bambaşqadır. Ermənistanda müxalifət bu gün zəif və parçalanmış vəziyyətdədir. Bunun başlıca səbəbi atası ilə Serj Sarqsyan arasındakı liderlik savaşıdır. Və əgər Köçəryan və Sarqsyan hətta müxalifətdə olarkən razılığa gələ bilmirlərsə, ölkəni necə idarə etməyi düşünürlər?
Əslən Qarabağdan olan Robert Köçəryanla Serj Sarqsyan Ermənistanda "karabaxneri" ("qarabağlılar") adlanan klanın liderləridir.
Xatırladaq ki 1998-ci ildə Köçəryan Ermənistan prezidenti oldu, Sarqsyansa onun administrasiyasındakı əsas vəzifələri tutdu.
Di gəl, hakimiyyətdə əbədi müttəfiqlər olmur. Köçəryanın ikinci prezidentlik müddətinin sonuna yaxın aralarında fikir ayrılıqları böyüməyə başladı. Suallar formalaşdı: "Varis kim olacaq?", "Hansı siyasi xətt seçilməlidir?"
2008-ci ildə prezident olan Serj Sarqsyan tədricən Robert Köçəryanı siyasətdən uzaqlaşdırdı. Köçəryan 2008-ci ildə Sarqsyanın prezidentliyini dəstəkləyəndə, onu öz siyasətinin davamçısı kimi görürdü. Amma bu, ölkədə xaosun başlanğıcı oldu. 1 mart mitinqləri zamanı baş verən toqquşmalarda 10 nəfər öldü.
Həmin anda Köçəryan tərəddüd etmədən fövqəladə vəziyyət elan etdi, ordu və polis xalqın üzərinə yeridildi. Sarqsyan isə öz imicini qorumaq üçün məsuliyyəti boynundan atdı. Bu, onların parçalanmasının ilk siqnalı oldu: Köçəryan başa düşdü ki, Sarqsyan hakimiyyətini qorumaq üçün hətta ən yaxın müttəfiqlərindən də imtina edə bilər.
2015-ci ildə Ermənistan konstitusiyasına edilən dəyişikliklər Köçəryan və Sarqsyan münasibətlərində dönüş nöqtəsi oldu. Sarqsyan ölkəni prezident üsul-idarəsindən parlament sisteminə keçirməklə öz hakimiyyətini uzatmağa çalışırdı.
Bunu görən Köçəryan açıq şəkildə etiraz etdi: “Sistem dağılır, dövlət institutları zəifləyir, siz isə bir avtoritar idarəetməni digəri ilə əvəz edirsiniz”. O, Sarqsyanın siyasi gələcəyini təmin etmək üçün Ermənistanın siyasi sistemini dəyişdirdiyini anlamışdı.
2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gətirilməsi ilə sonuclanan "kabab inqilabı" onların birliyini tamamilə məhv etsə də, şəxsi rəqabətləri sona çatmadı. Həmin ildə Ermənistanda baş verənlər hər iki fiqur üçün fəlakət ili oldu. Nikol Paşinyanın “inqilabı” Serj Sarqsyanın hakimiyyətini çökdürdü. Sarqsyan vədlərinə zidd olaraq, baş nazir kürsüsündə qalmağa çalışdı, amma xalqın üsyanı onu istefaya məcbur etdi.
2021-ci ildə İrəvanda müxalifət hakimiyyətə yiyələnmək üçün tarixi bir fürsət qazandı, lakin daxili münaqişə bu şansı məhv etdi. Robert Köçəryan "Ermənistan" blokunun rəhbəri kimi seçkilərdə əhəmiyyətli səs topladı, lakin müxalifəti bir araya gətirə bilmədi.
Serj Sarqsyansa Respublikaçılar Partiyasının başında Köçəryanı açıq şəkildə dəstəkləməkdən imtina etdi. Onların şəxsi rəqabəti Paşinyana qarşı vahid cəbhənin yaranmasını mümkünsüz etdi.
Niyə? Çünki onların baxışları, ambisiyaları və ən əsası, bir-birinə qarşı yığılıb qalmış inciklikləri fərqlidir.
Köçəryan isə köhnə rejimi qorumağa çalışdı. O, inqilabı sərt tənqid edərək bildirdi ki, hakimiyyət küçə mitinqləri ilə deyil, yalnız seçkilərlə dəyişdirilməlidir. Amma sonda inqilabdan ən çox zərər çəkən də o oldu - Köçəryan 1 mart hadisələri ilə bağlı “konstitusiya quruluşunu devirməkdə” ittiham edilərək həbs edildi.
Sarqsyan Köçəryanın müdafiəsinə qalxmadı, onu tək buraxdı. Köçəryan inqilabın qurbanına çevrilərkən, Sarqsyan özünü təhlükədən qorumaq üçün səssiz qaldı.
Bu gün Köçəryan və Saqsyan keçmişin iki kölgəsidir. Onlar hətta Paşinyana olan ümumi nifrət fonunda belə birləşə bilmirlər. Müxalifət üçün dağıdıcı olan bu parçalanmanı inkar etmək isə yalnız hakimiyyətin işinə yarayır.
Levon Köçəryan “birlik” tablosu çəkməyə çalışır, amma siyasətdə sözlər yox, hərəkətlər əhəmiyyətlidir. Ermənistan cəmiyyəti aydın şəkildə görür ki, o və atası konsolidasiya əvəzinə, müxalifətin son şanslarını da məhv edərək pərdəarxası mübarizəni davam etdirirlər.
Levon Köçəryan birlik haqqında standart ifadələr səsləndirərkən, atası və Sarqsyan hələ də artıq sahib olmadıqları hakimiyyəti bölüşdürməyə çalışırlar.
Hazırda Robert Köçəryan və Serj Sarqsyan Ermənistan müxalifətinə rəhbərlik etmək istəyir, lakin heç biri digəri ilə razılığa gələ bilmirlər. Sarqsyanın tərəfdarları Köçəryanı avtoritarlıqda və komanda işi bacarmamaqda ittiham edirlər. Köçəryan isə Sarqsyanı zəif lider kimi görür və onu Ermənistanın süqutuna səbəb olmaqda günahlandırır. Üstəlik, müxtəlif media və sosial şəbəkə resursları vasitəsilə hər iki tərəf bir-birini gözdən salmağa çalışır. Bu səbəbdən, Ermənistan müxalifəti güclənmək əvəzinə, hər keçən gün daha da zəifləyir. Əgər Köçəryan və Sarqsyan hakimiyyətə qayıtmaq istəyirlərsə, ilk növbədə düşmən deyil, müttəfiq kimi çıxış etməlidirlər.
Bu gün Köçəryanla Sarqsyan arasındakı uçurum daha da dərinləşib.
Robert Köçəryan radikaldır, Paşinyan hakimiyyətinin dərhal devrilməsini tələb edir. O, yeni il çıxışında bəyan etmişdi: "Biz dövlətimizin belini düzəldəcəyik və milli ləyaqətimizi bərpa edəcəyik".
Serj Sarqsyansa hiyləgər, fəndgir və ehtiyatlıdır. O, “ehtiyatlı olmağın vacibliyindən” danışır, hökumətin “növbəti həyasız yalanlarını” qınayır, lakin konkret bir plan təklif etmir.
Köçəryan sistemi dəyişdirmək istəyir, Sarqsyan isə onun
qalıqlarına nəzarət etmək niyyətindədir.
Köçəryan hücuma keçir, Sarqsyan isə gözləyir.
Köçəryan mübarizəyə çağırır, Sarqsyan isə ehtiyatla hərəkət edir.
Məhz bütün bunlardan dolayı, tərəflər arasında hücumlar və kompromatlar təsadüf deyil, strategiyadır. Köçəryanın komandası Respublikaçılar Partiyasına qarşı sistemli informasiya müharibəsi aparır, Sarqsyan isə Köçəryandan uzaq durmağa çalışır.
Ermənistan müxalifəti təkcə sosial mediada gedən mübahisələrə görə zəif deyil. Onun əsas problemi bir-birini qəbul edə bilməyən iki keçmiş prezidentin abdal strategiyaları, idiotik taktikaları və siyasi ölü olmaları ilə barışmaq istəməmələridir.
Robert Köçəryan və Serj Sarqsyan arasındakı qarşıdurma təkcə şəxsi konflikt deyil. Bu, Ermənistan siyasi sisteminin xəstəliyidir. Dünənki müttəfiqlər bu gün hakimiyyət və şəxsi ambisiyalar uğrunda bir-birini məhv etməyə hazırdırlar. Onların mübarizəsi təkcə müxalifətə deyil, bütün ölkəyə təsir edir və Ermənistanı keçmişin çıxılmaz dalanına salır.
Onların münasibətlərinin tarixi göstərir ki, şəxsi maraqlar hətta ən güclü siyasi ittifaqları belə məhv edə bilər. Köçəryan və Sarqsyan bir vaxtlar güclü liderlər kimi qəbul olunurdular, amma indi keçmişin kölgəsinə çevriliblər.
Bu fiqurların heç biri Ermənistan müxalifətini birləşdirmək iqtidarında deyil. Onların bir-biri ilə savaşı ölkədə siyasi müqaviməti iflic edir.
Onlar birlikdə başladılar, lakin ayrılıqda sona çatacaqlar. Biri mübarizədə məğlub olacaq, digəri isə siyasi səhnədən silinəcək.
Əslində, belə də olmalıdır...