Bakı. Trend:
Ortaq coğrafiyada inkişaf və rifahı dəstəkləyən strateji əməkdaşlıq mexanizmlərinə ehtiyac var.
Trend xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, beynəlxalq sistemin ədaləti, sülhü, sabitliyi təmin edə bilmədiyi bir dövrdəyik.
"Qlobal problemlərin artdığı çətin bir dövrdən keçirik. Bununla yanaşı, Türk dünyası olaraq öz aramızda həmrəylimizi davam etdirərkən, digər tərəfdən mövcud problemlərin həlli üçün çalışırıq. Regionumuz üçün sülh, sabitlik, rifah üçün səy göstəririk", - deyə nazir əlavə edib.
Qeyd edək ki, Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə-Azərbaycan-Özbəkistan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçirilir.
İclasın gündəliyinə xarici siyasət məsələləri və regional əməkdaşlıq, ticarət, iqtisadiyyat və investisiya sahələrində əməkdaşlığın artırılması, regional nəqliyyat şəbəkələrinin inkişafı və nəqliyyat, kommunikasiya sektorlarında əməkdaşlığın gücləndirilməsi daxildir.
Üçtərəfli görüşün sonunda Ankara Bəyannaməsinin imzalanacağı və Bəyannaməyə əlavə edilən Fəaliyyət Planının üç ölkənin gələcəkdə izləyəcəyi konkret yol xəritəsini müəyyən edəcəyi gözlənilir.