...

Aİ “müşahidəçi”lərinin mandatının uzadılması avrostrukturlarda Azərbaycan əleyhinə qərəzli davranışların davamıdır – ŞƏRH

Siyasət Materials 31 Yanvar 2025 18:18 (UTC +04:00)
Aİ “müşahidəçi”lərinin mandatının uzadılması avrostrukturlarda Azərbaycan əleyhinə qərəzli davranışların davamıdır – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının Ermənistandakı “müşahidəçi”lərinin bu ölkədə fəaliyyətinin müddətinin 2027-ci ilin fevralınadək uzadılması barədə qərarla və bu fonda “müşahidəçi”lərin Azərbaycan-Ermənistan sərhədlərində, xüsusən Zəngilan istiqamətində yenidən aktiv formada “müşahidə”lərə başlaması regiona yaxşı heç nə vəd etmir və Cənubi Qafqazda yeni təxribatlara hazırlığın göstəricisidir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Millət vəkili vurğulayıb ki, nə missiyanın səlahiyyət müddətinin uzadılması, nə də missiyanın yenidən qəfil fəallaşması təsadüf hesab edilməməlidir, bu proses avrostrukturlarda Azərbaycan əleyhinə qəbul edilən qərəzli davranışların məntiqi davamıdır:

“Bölgəyə, hətta Ermənistanın özünə uzaq perspektivdə yaxşı heç nə vəd etməyən məlum qərarla müşahidəçilərin tərkibi və sayının 165 xarici və 44 erməni olaraq dəyişməz qalması nəzərdə tutulsa da, aydındır ki, bu rəqəmlərin dəyişməməsi Qərbin Ermənistanda hərbi mövcudiyyətini digər formalarda, məsələn ABŞ-Ermənistan müqaviləsi əsasında təmin edəcəyinə şübhə doğurmur.

Məlumdur ki, yanvarın əvvəllərindəki insidenti çıxmaqla, son bir neçə ayda Azərbaycan-Ermənistan şərti sərhədlərində faktiki sülh hökm sürməkdədir və bu, iki ölkə arasında vasitəçisiz danışıqlarda əldə edilən müəyyən uğurların daha da möhkəmlənməsi və regionda dayanıqlı sülhə nail olunması üçün ciddi zəminin formalaşması deməkdir. Regionda münaqişəyə öz imperialist maraqlarının təmini üsulu kimi baxan Qərb, ələlxüsus Fransa üçün isə bu, qəbuledilməz vəziyyətdir”.

Bəhruz Məhərrəmov bildirib ki, Cənubi Qafqazda beynəlxalq hüququn aliliyinin təmin olunmasında ehtiva olunan status-kvo bəlli qüvvələri qane etmir və onlar regionda yeni münaqişəli vəziyyətin formalaşmasında maraqlıdır.

“Xüsusən Ermənistanın baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyasının Prezidenti arasında Ermənistan üçün təhlükəsizlik zəmanətinə dair ötən il paktın imzalanmasından sonra həmin dairələr Bakı və İrəvan arasında davamlı sülh, sabitlik və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda Cənubi Qafqazda yeni hərbi-siyasi toqquşma üçün zəmin hazırlamaqdadır. Təbii ki, biz prosesləri diqqətlə izləyirik və əminliklə deyə bilərik ki, ölkəmizin bölgədə əməliyyat şəraitinə tam şəkildə nəzarəti, Azərbaycanın siyasi və iqtisadi cəhətdən tam müstəqilliyi bizə proseslərin gedişinə uyğun olaraq adekvat qərar qəbul etmək suverenliyi tanıyır. Bu isə o deməkdir ki, regionda maraqlarını qanuni, hüquqi əsaslarla təmin etmək istəyən istənilən beynəlxalq subyektin regionda hesablaşacağı yeganə söz sahibi Azərbaycan Respublikasıdır”, - deyə deputat qeyd edib.

Milli Məclisin deputatı Vüqar İskəndərov isə Trend-ə açıqlamasında bildirib ki, Qərb Azərbaycana qarşı haqsızlıqlara lazımi reaksiyanı verməyib:

“Azərbaycan uzun illər Ermənistanın işğalçılıq siyasətinə məruz qalıb. Torpaqlarımız 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanılıb. Lakin həmin müddət ərzində Qərb, xüsusilə də Avropa İttifaqı Ermənistana lazımi sərt reaksiyanı verməyib. Qərb, xüsusilə də Avropa İttifaqının heç olmasa 44 günlük Vətən müharibəsindən sonra öz günahlarını yuyacağı düşünülürdü. Amma biz bunun əksini görürük. Qərbin müxtəlif institutları, ən əsası isə Aİ Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına mane olmaq üçun hər yola baş vururlar. Elə Avropa İttifaqının “müşahidəçi” missiyası ilə bağlı atılan addımlar da belə deməyə əsas verir”.

Vüqar İskəndərovun sözlərinə görə, Avropa İttifaqının Ermənistandakı “müşahidəçi”lərinin bu ölkədə fəaliyyət müddətinin 2027-ci il fevralın 19-dək uzadılması sülh sazişinin imzalanmasına mane olmağa hesablanıb:

“Avropa İttifaqının Brüsseldəki səfirləri tərəfindən qəbul edilən qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı dəyişməz qalacaq: 165 xarici və 44 erməni əməkdaş. Bu qərar Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənməlidir. Heç şübhəsiz ki, təsdiqlənəcək də. Amma bu Cənubi Qafqaza sabitlik deyil, sabitsizlik vəd edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti