Bakı.Trend:
Azərbaycan və Ermənistan vasitəçisiz sülh danışıqları çərçivəsində əhəmiyyətli iş görüblər
Bunu Trend-ə Beynəlxalq Böhran Qrupunun Avropa və Mərkəzi Asiya üzrə proqramının direktoru Olqa Oliker araşdırma məqsədli Bakı səfəri zamanı özəl müsahibəsində bildirib.
“Xarici oyunçuların sülh prosesinə təsir edə bilib-bilməyəcəyini və etsə hansı şəraitdə edəcəyini müşahidə etmək hər zaman maraqlıdır. Onlar sülhə gedən yolda tərəflərin motivasiyasını dəyişdirə və ya müəyyən güzəştləri daha cəlbedici edə bildikdə, prosesə həqiqətən kömək edirlər. Əgər bunu edə bilmirlərsə, onların rolu əhəmiyyətsiz qalır. Onlar görüşlər üçün platforma təmin edə, vasitəçilik edə bilərlər. Mən demirəm ki, bu, önəmsizdir, lakin bu amillər həlledici deyil. Biz böyük dəyişikliklər və qeyri-sabitlik dövründə yaşayırıq və bu səbəbdən xarici oyunçuların Cənubi Qafqaz ölkələrinə təklif edə biləcəyi stimullar da dəyişir”, – deyə o bildirib.
Oliker qeyd edib ki, Rusiya ənənəvi olaraq hərbi gücün tətbiqini dəstəkləyib.
“Başqa ölkələr buna daha az meyllidirlər, hərçənd, tarixən onlar daha çox maliyyə stimulları təklif ediblər. Bəzi dövlətlə üçün bu başqa dövlətlərlə müqayisədə daha böyük önəm kəsb edir. Son beş il ərzində COVİD-19 və Ukraynadakı tammiqyaslı müharibə kimi faktorların təsiri altında bu dəyişikliklər ya üzə çıxıb, ya da daha da güclənib. Mən iddia etmirəm ki, vasitəçilər daha rol oynamırlar. Onlar əvvəlki kimi müəyyən funksiyaları yerinə yetirirlər. Amma Azərbaycan və Ermənistan onlarsız da çox işlər görürlər. Vəziyyət dəyişir: tərəflərin birbaşa dialoq üçün kifayət qədər əsasları var və ola bilsin xarici oyunçuların təklifləri daha əvvəlki əhəmiyyətini itirib. Amma bu o demək deyil ki, bu hər zaman belə olacaq”, -deyə proqram direktoru vurğulayıb.
O qeyd edib ki, hal-hazırda Avropa təhlükəsizliyi istiqamətindən iri oyunçuların əksəriyyəti Cənubi Qafqazı ən yaxşı halda ikinci dərəcəli prioritet kimi nəzərdən keçirir
“Rusiya Ukrayna ilə müharibəyə qərq olub; o bunu uzun müddət təhdid saydığı, ABŞ-nin başçılıq etdiyi Qərbə qarşı mübarizəsinin bir hissəsi hesab edir. NATO və Avropa İttifaqı ölkələri üçün bu müharibə, əksinə, öz təhlükəsizlikləri baxımından ekzistensial əhəmiyyət kəsb edir. Onlar diqqətlərini bir-birinə və Ukraynadakı hadisələrə fokuslayıblar. Türkiyə ilə bağlı vəziyyət isə başqadır. Onlar Cənubi Qafqaza daha çox diqqət ayırırlar, amma ənənəvi olaraq onun üçün daxili təhlükəsizliklə bağlı məsələlər, ilk növbədə də Avropa İttifaqı, ABŞ və bir sıra digər ölkələrin terrorçu təşkilat hesab etdiyi Kürdistan Fəhlə Partiyası (PKK) ilə olan münaqişəsi əsas prioritet olaraq qalır. Türkiyə üçün də Ukraynadakı tammiqyaslı müharibə təhdid yaradır – Rusiyanın uğur qazanması ona sərf etmir.
Cənubi Qafqaza gəlincə, rəsmi Ankara dinc yolla nizamlanmanın və münasibətlərin normallaşması prosesinin real faydalarını görür. Lakin bu maraqların ümumi təhlükəsizlik strategiyaları ilə nə dərəcədə uyğunlaşması hələ də dəyişkən məsələ olaraq qalmaqdadır. Ankarada kiminlə danışmağınızdan asılı olaraq fərqli nöqteyi nəzərlərlə rastlaşa bilərsiz. Amma, şübhəsiz ki, Cənubi Qafqaz bir çox Avropa İttifaqı ölkələri ilə müqayisədə Türkiyənin prioritetlərində daha yüksək mövqe tutur”,- deyə Oliker əlavə edib.
O, Avropa İttifaqının bu regionda genişlənmək üçün “böyük iştahasının” olduğunu düşünmür.
“Gürcüstan namizəd statusunu qazanıb, amma indi bu proses dondurulub. Həm Brüssel, həm də Tbilisi qərar veriblər ki, hal-hazırda bu proses irəli getmir. Bizim gördüklərimiz ən azından üzdə olanlardır – Avropanın təhlükəsizlik sistemindəki dəyişikliklər Cənubi Qafqaza daha çox təsir göstərir, əksinə yox. Onu da deyərdim ki, bu regionu diqqətdən kənarda qoymaq olmaz”, – deyə o bildirib
Oliker hesab edir ki, Cənubi Qafqazda öz rolunu müəyyənləşdirməyə çalışan Rusiya üçün bu region olduqca vacib olacaq, belə ki, onun gələcəyi məhz bu regiondakı rolundan asılı olacaq.
“Moskva da bu regiondakı təcrübəsindən dərs çıxarır. Bu nə kimi dərslərdir, onu dəqiq deyə bilməyəcəyəm. Amma bu onun gələcəkdə Cənubi Qafqaz və başqa regionlarla hansı şəkildə qarşılıqlı əlaqələr quracağına təsir göstərəcək. Hesab edirəm ki, burada baş verənlər, Avropa İttifaqı və ABŞ üçün də təsir göstərə bilər. Bunun hansı sonluqla nəticələnəcəyini demək hələ çox erkəndir. Hal-hazırda biz tarixin qeyri-müəyyən bir dövrünü yaşamaqdayıq”, - deyə o fikrini yekunlaşdırıb.
X: @Lyaman_Zeyn