...

Füzuliyə köçürülən sakinlərin əksəriyyəti işlə təmin olunub - Emin Hüseynov

Siyasət Materials 26 Fevral 2025 10:19 (UTC +04:00)
Füzuliyə köçürülən sakinlərin əksəriyyəti işlə təmin olunub - Emin Hüseynov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Füzuliyə köçürülən sakinlərin əksəriyyəti işlə təmin olunub.

Trend xəbər verir ki, bunu bu gün Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

"Füzuli şəhərinə köç prosesi davam edir. Füzuli şəhərində birinci yaşayış kompleksi artıq inşa olunub. Bu gün işğaldan azad olunmuş ərazilərdə ən çox əhali 3132 nəfər Füzuli şəhərində məskunlaşıb. Hal-hazırda orada əksəriyyət işlə təmin olunub. Məlumat üçün bildirim ki, Füzuli şəhərində yaşayan əhali arasında işsizlik səviyyəsi 9 faizin altındadır və bu onu göstərir ki, artıq həyat Füzuliyə qayıdıb. Amma buna paralel olaraq deməliyəm ki, ikinci və üçüncü yaşayış məhəllələrinin layihələndirilməsi tam sürətlə icra olunmaqdadır. Şəhərdə Mərkəzi Park, İşğal muzeyi, Zəfər parkı, peşə məktəbi, uşaq bağçasının inşası və digər bu kimi layihələr də tam sürətlə həyata keçirməkdədir. O ki qaldı Füzuli rayonunun kəndlərinə, artıq Dövlətyarlı kəndinin layihəsi icra olunmağa başlayıb. Artıq tikinti prosesinə başlamışıq. Bu yaxınlarda Pirəhmədli kəndinin tikintisinə başlanılacaq. Ümid edirik ki, il ərzind Qaraxanbəyli kəndinin də layihəsi hazır olacaq", - o bildirib.

Xatırladaq ki, Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal etməklə, dinc əhaliyə qarşı soyqırımı cinayəti törətmişdir.

Təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu soyqırım cinayəti nəticəsində 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxs amansızlıqla qətlə yetirilmiş, şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuşdur. Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti