...

Avropa İttifaqının əsl erməni siması: yalan, vədlər və zəiflik

Siyasət Analytics 5 Mart 2025 11:54 (UTC +04:00)
Avropa İttifaqının əsl erməni siması: yalan, vədlər və zəiflik
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Tarix boyu neçə dəfə şahidi olmuşuq ki, hərəkətsizlik, açıq-aşkar həqiqətlərin ört-basdır edilməsi və hadisələri öz adı ilə çağırmaq qorxusu fəlakətə gətirib çıxarır. Bu gün məzkur proseslərin hadisənin yeni bir mərhələsini izləyirik: dünya siyasi elitaları reallıqla üzləşmək əvəzinə, onun üçün daha rahat olan formulları seçir.

Onlar üçün diplomatik ritorika söz oyunu və manipulyasiya alətidir. Beynəlxalq diplomatiyada terminlər gələcək addımları müəyyənləşdirir.

Çünki istənilən münaqişə "ikitərəfli qarşıdurma" adlandırılan kimi, bərabər əsaslarla danışıqlar üçün zəmin yaranır və bu, avtomatik olaraq kompromisi nəzərdə tutur.

Bəs işğalçı ilə işğala uğrayanın bir tutulması, tərəflərin ikisindən də "qarşılıqlı güzəştlər"in tələb edilməsi nə deməkdir?

Diplomatik kazuistikanı və gəlişigözəl, amma mahiyyəti puç sözləri bir kənara qoysaq, bu, işğalçının cinayətlərini və qanlı əməllərini qanuniləşdirmək, onun işğal etdiyi ərazilər üzərində hansısa "hüquq"unun və ya "haqqı"nın olmasını ən müxtəlif yollardan biri ilə qismən olsa belə, tanımaq deməkdir.

Bu, onun cinayətlərini qanuniləşdirmək, ona qurbanlarının torpaqları üzərində hüquq tanımaq deməkdir. Bu, Qərbin başqa hallarda sərhədlərin toxunulmazlığı prinsipini müdafiə etməsinə baxmayaraq, bu prinsipi istədiyi vaxt ayaqlar altına atması deməkdir.

Avropa İttifaqı (Aİ), Ermənistana ikinci, ölümcül olmayan yardım tədbiri ilə bağlı təklif təqdim edib. Bu təklif Avropa Sülh Fondundan maliyyələşəcək.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Kaya Kallas bu yardımın əvvəlki tədbirə əsaslandığını bildirib. Təklif Aİ Şurasına gələn həftələrdə təqdim olunacaq.

2024-cü ildə Aİ Avropa Sülh Fondu çərçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardım ayırmışdı. Aİ-nin növbəti addımı da Ermənistanın müdafiə qabiliyyətini artırmaq məqsədini daşıyır.

Təbii ki, belə yardımlar yanlış və təhlükəli olmaqla yanaşı, regionda gərginliyi artırmağa səbəb ola bilər.

Rəsmi Bakı bəyan edib ki, sözügedən qərar birtərəfli və qərəzli siyasətin təzahürüdür və regionda bölücü xətlər yaratmaq məqsədini güdür.

Əslində, Azərbaycan bu riyakarlığı artıq yaşayıb. Bu cür diplomatik manipulyasiya Azərbaycan üçün yeni deyil. 25 ildən çox bir müddətdə beynəlxalq ictimaiyyət Qarabağın işğalını “ərazi mübahisəsi”, yox, aqressiya kimi tanımaqdan çəkinirdi.

1992-ci ildə Ermənistan silahlı qüvvələri Rusiyanın dəstəyi ilə Qarabağı və ətraf rayonları işğal edəndə, beynəlxalq təşkilatlar neytrallıq göstərməyə çalışaraq, Azərbaycanı və Ermənistanı münaqişənin “tərəfləri” kimi təqdim etdilər.

BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi (822, 853, 874, 884) Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini açıq şəkildə qeyd edir və qoşunlarını oradan çıxarmağı tələb edirdi. Lakin bu sənədlər kağız üzərində qaldı. Xatırladaq ki, 1999-cu ildə NATO Yuqoslaviyanı “humanitar müdaxilə” adı altında bombalayanda, Qərb bunu işğalçının cəzalandırılması ilə izah edirdi. Amma Ermənistanın 30 illik işğalına gəldikdə, eyni mövqeyi sərgiləməkdən çəkinirdi.

Hətta Azərbaycanın 2020-ci ildəki 44 günlük müharibədə qələbəsindən sonra da Qərb eyni siyasəti davam etdirdi – Ermənistanın aqressiyasını legitimləşdirməyə çalışdı.

Müharibədən sonra Fransa Azərbaycana qarşı sanksiyalar tətbiq etməyi təklif etdi, amma 30 il ərzində Ermənistanı işğala görə heç vaxt sanksiyalarla təhdid etmədi. Avropa İttifaqı erməni silahlı qüvvələrinin Qarabağda qalmasını “erməni əhalisinin hüquqlarının qorunması” adı altında müdafiə edirdi. Qərb siyasətçiləri, o cümlədən Emmanuel Makron, “Qarabağ ermənilərinin təhlükəsizliyi”ni Azərbaycanın ərazi bütövlüyündən üstün tuturdu.

Rusiya Ukraynaya hücum edəndə Qərb sərhədlərin toxunulmazlığından danışırdı. Bəs niyə Ermənistan Azərbaycanın 20%-ni işğal edəndə bu prinsip işləmirdi? Cavab sadədir: Çünki Azərbaycan Qərb üçün “rahat ölkə” deyil – o, müstəqil siyasət yürüdür.

Aİ beynəlxalq hüquq prinsipini məhv etdi. Azərbaycan 30 il ədalət tələb edəndə Qərb bunu “münaqişə” adlandırdı. İndi Ukrayna ədalət tələb edir - Avropa İttifaqı eyni aləti işə salıb, məsuliyyəti yayındırır. Rusiyanın aqressor kimi tanınmaması Ukraynaya qarşı ilk xəyanət addımıdır - eynilə Ermənistanın “münaqişə tərəfi” kimi tanınması Azərbaycana qarşı xəyanət idi.

Əgər aqressiyanın qurbanı ədalət əldə etməsə, aqressorlar daha da cəsarətlənir. Qərb Ermənistanı müdafiə etdi – nəticə: 30 illik müharibə. İndi Qərb Rusiyanı müdafiə edir – Ukraynanı nə gözləyir?

Dünya seçim etməlidir: O, güc prinsipini qoruyacaq, yoxsa ədaləti?

Azərbaycan bu suala cavab verdi - o, öz ədalətini güc yolu ilə əldə etdi.

Baş verənlər öz adı ilə çağırılmadıqda, bu, fəlakətli nəticələrə gətirib çıxarır. Beynəlxalq ictimaiyyət illərlə erməni işğalına göz yumdu və faktiki olaraq onu leqallaşdırdı, çünki “erməni-azərbaycanlı münaqişəsi” kimi rahat bir terminologiya aqressorla qurban arasındakı aydın fərqi silirdi.

1996-cı ildə ATƏT-in Lissabon sammitində Ermənistan tam təcrid vəziyyətində qaldı - beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıdı və yalnız İrəvan buna qarşı çıxdı. Bu, həqiqət anı idi -aqressora təzyiq göstərib onilliklərlə davam edən qan tökülməsinin qarşısını almaq olardı. Lakin Qərb saxta neytrallıq yolunu seçdi.

Bu günsə Avropa İttifaqı yenə də Ermənistana üstünlük verir, onun aqressiyasını görməzdən gəlir.

Sözdə, kağız üzərində Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında münaqişənin dinc yolla həllinə sadiq olduğunu bəyan edir. Lakin əslində Brüssel ardıcıl olaraq açıq ermənipərəst mövqe sərgiləyir, nə tarixi həqiqətləri, nə də beynəlxalq hüquq normalarını nəzərə alır.

Aİ təkcə birtərəfli diplomatiya aparmır - o, faktiki olaraq Ermənistanı maliyyələşdirir və siyasi cəhətdən müdafiə edir, 30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal etmiş, Azərbaycan mədəni irsini məhv etmiş və Qarabağı azərbaycanlı əhalidən etnik təmizləməyə məruz qoymuş bir dövləti dəstəkləyir.

Aİ hansı konkret addımları atmaqla sülh prosesini pozur və regionda geosiyasi ambisiyalarını gücləndirməyə çalışır?

Aİ Ermənistandakı müşahidə missiyasının (EUMA) mandatını uzadıb və onu “eskalasiyanın qarşısını almaq üçün vasitə” kimi təqdim edir. Əslində isə bu missiya Brüssel və İrəvanın maraqlarına xidmət edən casus şəbəkəsindən başqa bir şey deyil.

Çünki...

Missiyanın BMT və ya ATƏT-in mandatı yoxdur, yəni beynəlxalq hüquq baxımından qeyri-legitimdir. Bu, yalnız Aİ-nin siyasi təşəbbüsüdür. EUMA yalnız Ermənistan ərazisində yerləşdirilib, bu isə onu obyektiv missiya statusundan məhrum edir, çünki onun əsas məqsədi Azərbaycan hərbi fəaliyyətini izləməkdir, sülhə töhfə vermək deyil. Rəsmi olaraq missiya mülki müşahidəçilərdən ibarət olsa da, əslində onun tərkibində keçmiş hərbçilər və Avropa xüsusi xidmət orqanlarının əməkdaşları var.

Xatırladaq ki, 2023-cü ilin iyununda Politico qəzeti yazdı ki, EUMA-nın “mülki” müşahidəçiləri arasında əvvəllər Balkanlar və Əfqanıstanda xidmət etmiş keçmiş NATO zabitləri var. Elə həmin ilin sentyabrında Fransa missiyanın genişləndirilməsinə lobbiçilik etdi ki, bu da Ermənistanla hərbi əməkdaşlığın gizli gücləndirilməsi deməkdir. Oktyabr ayında isə Azərbaycanın müdafiə naziri Zakir Həsənov açıq şəkildə bəyan etdi ki, Avropa missiyası münaqişələrin qarşısını almır, əksinə, əlavə gərginlik yaradır.

Əslində, Aİ EUMA-dan informasiya toplamaq və regionu destabilizasiya etmək üçün alət kimi istifadə edir, Fransa və Almaniyanın Cənubi Qafqazda təsirini gücləndirmək üçün sülhməramlılıq adı altında maraqlarını irəli sürür.

Aİ Ermənistanı Avropa Sülh Fondu (EPF) vasitəsilə maliyyələşdirir. Əvvəlcə bu fond yalnız Aİ üzvləri və tərəfdaş ölkələrin müdafiə qabiliyyətini gücləndirmək üçün yaradılmışdı. Lakin Ermənistan məsələsində Brüssel bu fondu məğlub olmuş ölkəyə gizli hərbi yardım göstərmək üçün istifadə edir və beləliklə, revanşizmi stimullaşdırır.

Faktlara nəzər salaq. 2023-cü ilin iyununda Aİ Ermənistana 10 milyon avro ayırdı ki, bu da EPF-in ilk dəfə Aİ və ya NATO-ya üzv olmayan bir ölkəyə tətbiq olunması idi. 2024-cü ilin yanvarında İrəvan EPF vasitəsilə 40 milyon avro aldı, Brüssel bunu “sərhəd təhlükəsizliyini gücləndirmək üçün yardım” adlandırdı. 2024-cü ilin fevralında Aİ Ermənistana 270 milyon avroluq yeni yardım paketi elan etdi ki, bunun bir hissəsi “müdafiə imkanlarının inkişafına” yönəldiləcək.

Bundan başqa, "Le Monde" qəzeti 2024-cü il yanvarın 14-də yazdı ki, bu vəsaitin bir hissəsi Fransadan silah almaq üçün istifadə ediləcək. "Eurasianet" isə bildirmişdi ki, Ermənistan Fransa ilə zenit-raket komplekslərinin alınması üçün danışıqlar aparır ki, bu da Aİ-nin “sülh missiyası” bəyanatları ilə ziddiyyət təşkil edir.

Başqa sözlə, Aİ 30 illik işğala görə heç bir məsuliyyət daşımayan bir dövləti maliyyələşdirir. Azərbaycan müharibədən sonra öz ərazilərində bərpa işləri aparmaq üçün dəstək tələb etdiyi halda, Aİ Ermənistanın hərbiləşdirilməsinə sərmayə qoyur və bu, İrəvandakı revanşist qüvvələrə yeni aqressiya ümidini artırır.

Aİ-nin humanitar yardımı yalnız ermənilərə: dağıdılmış Azərbaycan şəhərlərinə laqeydlik

Avropa İttifaqı genişmiqyaslı humanitar resurslar ayırır, lakin bu yardımlar yalnız ermənilərə yönəldilir.

Unutmayaq ki, 2023-cü ilin sentyabrında Aİ Qarabağı tərk etmiş ermənilər üçün Ermənistana 15 milyon avro humanitar yardım ayırdı. Həmin ilin noyabrında Brüssel bu məbləği 25 milyon avroya qədər artırdı, halbuki ermənilərin böyük əksəriyyəti Qarabağı könüllü tərk etmişdi və Azərbaycan heç bir məcburi deportasiya həyata keçirməmişdi. 30 illik işğal dövründə Ermənistan ordusu tərəfindən tamamilə dağıdılmış Azərbaycan rayonlarının bərpasına Aİ bir avro belə ayırmayıb.

Və...

2021-ci ildə Dünya Bankı Qarabağın işğal nəticəsində dəymiş zərərini 50 milyard dollardan çox qiymətləndirdi. Lakin nə Aİ, nə də Qərb fondları Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam və digər tamamilə viran edilmiş şəhərlərin bərpası üçün hər hansı maliyyə yardımı təklif etdi.

2023-cü ildə France24 telekanalı Qarabağdan çıxan erməni qaçqınlarla bağlı reportaj yayımladı, lakin 1990-cı illərdə Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış 700 min azərbaycanlı qaçqın tamamilə gözardı edildi.

Bu siyasət Qərbin ikili standartlarının bariz nümunəsidir. Bir qrupun hüquqları ön plana çıxarılır, digərinin əziyyətləri isə tamamilə unudulur.

Aİ sülh prosesində faktiki olaraq kənarda qalıb, lakin indi Bakıya birtərəfli "etimad tədbirləri" tətbiq etməyə çalışır. Belə ki, sərhəd xəttindən qoşunların geri çəkilməsi – lakin nədənsə bu tələb yalnız Azərbaycana aiddir.

Silahlanmaya nəzarət – yenə də təkcə Azərbaycan üçün.

Gərginliyin azaldılması üçün "isti xətlər" – halbuki problemin kökü Ermənistanın indiyə qədər Azərbaycanın ərazi bütövlüyünü rəsmi şəkildə tanımamasında dayanır.

Bu absurddur. Təkcə məntiqsiz deyil, həm də bütün sülh prosesinə zərbə vurur.

Aİ Cənubi Qafqazda ədalətli vasitəçi olmaq hüququnu itirdi.
Brüssel təkcə Ermənistanı dəstəkləmir, həm də Azərbaycanın suverenliyini sarsıtmağa çalışır.
Ermənistana maliyyə, hərbi və siyasi dəstək göstərmək sülh təşəbbüsü deyil, təxribatdır.

Azərbaycan artıq sübut etdi ki, Aİ-nin köməyinə ehtiyac duymur. Bakı öz ərazi bütövlüyünü Qərbin dəstəyi olmadan bərpa etdi və indi Avropa yalnız müşahidə edə bilər ki, onların ermənipərəst siyasəti necə iflasa uğrayır.

Sülh yalnız aqressor öz günahını qəbul etdikdə mümkündür, onun cinayətləri diplomatik formulalarla ört-basdır edildikdə deyil. Qərb vaxtilə Ermənistanı aqressor adlandırmaqdan imtina etdi - bunun nəticəsi Azərbaycanın 30 illik işğala məruz qalması oldu.

Öz yolumuzu seçmişik.

Qərbdən ədalət gözləmir, kənardan mərhəmət ummur, sadəcə hərəkət edirik. Öz torpaqlarımızı azad etdik, sərhədlərimizi bərpa etdik, indisə danışıqları öz şərtlərimizlə aparırıq.

Özünü və müstəqilliyini qorumaq istəyən hər bir ölkə məhz belə davranmalıdır.

Xəbər lenti

Xəbər lenti