Bakı. Trend:
Prezident İlham Əliyevin Sərəncamı ilə bu gün təsdiq edilən Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramının məqsədləri məlum olub.
Trend xəbər verir ki, Dövlət Proqramının məqsədləri aşağıdakılardır:
- hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi, əməliyyatların səmərəliliyinin artırılması;
- ticarətin və turizmin inkişafına töhfə verməklə iqtisadi inkişafın və məşğulluğun artırılması;
- dövlət sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi;
- keyfiyyətli aviasiya xidmətlərinə əlçatanlığı təmin etməklə sərnişinlərin səyahət təcrübəsinin yaxşılaşdırılması;
- hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində kadr hazırlığının və beynəlxalq əməkdaşlığın genişləndirilməsi;
- rəsmiyyətin sadələşdirilməsi sahəsində Azərbaycan Respublikası milli qanunvericiliyinin beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğunlaşdırılması və hava gəmilərinin, hava gəmisi heyəti üzvlərinin və sərnişinlərin hava limanlarında (aeroportlarda) daşınmasının təkmilləşdirilməsi üçün normativ hüquqi bazanın formalaşdırılması;
- Dövlət Proqramının həyata keçirilməsinə cəlb edilmiş rəsmiyyətin sadələşdirilməsi sahəsində fəaliyyət göstərən dövlət qurumlarının (orqanlarının), xidmət təminatçılarının və yerüstü xidmət təminatçılarının fəaliyyətinin əlaqələndirilməsi və rəsmiyyətin sadələşdirilməsi üzrə birgə fəaliyyətin təşkili;
- sahəvi islahatlar sayəsində rəqabət qabiliyyətinin yüksəldilməsi, daha çox sərnişin və turist cəlb edilməsi;
- hava limanlarının (aeroportların) strukturunun təkmilləşdirilməsi və marşrut şəbəkəsinin genişləndirilməsi üçün Azərbaycan Respublikasının beynəlxalq sərnişin daşımalarında Avropa və Asiya arasında tranzit qovşağı kimi perspektivliyinin yüksəldilməsi;
- regional hava limanlarının (aeroportların) digər dövlətlərdə qeydiyyatda olan istismarçıların iştirakı ilə istismarının stimullaşdırılması və fəaliyyətlərinin genişləndirilməsi.