Bakı. Trend:
Bakıda 13-15 mart tarixlərində keçiriləcək XII Qlobal Bakı Forumuna həsr olunmuş mətbuat konfransı keçirilib.
Trend xəbər verir ki, Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin həmsədri, Dünya Bankının keçmiş vitse-prezidenti İsmayıl Serageldin bildirib ki, 12-ci Bakı Qlobal Forumu açıq və məzmunlu müzakirələr üçün aparıcı dünya liderlərini, beynəlxalq təşkilat nümayəndələrini və alimləri bir araya gətirən əlamətdar hadisə olmağı vəd edir.
“Forum təxminən 400 iştirakçını bir araya gətirir ki, onların arasında azı 50 hazırkı və ya keçmiş prezidentlər və baş nazirlər, o cümlədən, BMT agentliklərinin rəhbərləri və akademik dairələrin aparıcı nümayəndələri yer alır”, - deyə o bildirib.
Onun sözlərinə görə, təcrübə toplamaq və analitik qənaətlərə gəlmək üçün müzakirələrin açıq, səmimi və hədəfli olması vacibdir.
İsmayıl Serageldin qeyd edib ki, builki forum xüsusi önəm daşıyacaq, belə ki, dünya irimiqyaslı dəyişikliklərlə üz-üzə qalıb.
“Dünyanın yeni düzəni necə olacaq? Sülh və inkişafın perspektivləri necədir? Məhz bu suallar müzakirələrdə mərkəzi yer tutacaq və o cür nüfuzlu şəxsiyyətlərin tədbirdə iştirakı ona xüsusi dəyər qatmış olur”, - deyə o bildirib.
İsmayıl Serageldin bildirib ki, tez-tez dəyişən beynəlxalq situasiya qarşıdakı müzakirələrə əlavə əhəmiyyət verir.
“Forum imkanlar və çağırışlar yaradan, onların həllini tələb edən yeni ittifaqların perspektivlərini nəzərdən keçirmək üçün unikal imkan təklif edir. Bu, son illərin ən maraqlı və məzmunlu tədbirlərdən biri olacaq”, -deyə o əlavə edib.
“ExxonMobil”in keçmiş vitse-prezidenti və İnsan alverinə qarşı qlobal kampaniyanın rəhbəri Cin Baderşnayder qeyd edib ki, iqlim dəyişikliyi ekzistensial problemdir və diqqət mərkəzində olan Azərbaycan onun həllində mühüm rol oynayır.
“Dünya dayanmadan dəyişir. Bu gün biz qətiyyətli addımlar tələb edən qlobal çağırışlarla, o cümlədən, iqlim dəyişikliyi ilə üz-üzə qalmışıq. Ötən il Azərbaycan COP29 çərçivəsində öz üzərinə ambisiyalı öhdəlik götürməklə və mürəkkəb müzakirələrdə iştirak etməklə dünya arenasındakı aktiv mövqeyini nümayiş etdirdi.
İndi isə bizim vəzifəmiz Azərbaycanın sədrliyi dövründə yaradılmış güclü platformanı daha da möhkəmləndirmək üçün COP29-dan COP30-a gedən yolu müəyyən etməkdən ibarətdir", - o qeyd edib.
Cin Baderşnayder bildirib ki, son illər Avropaya dəstək üçün istifadə olunan resurslar, həmçinin, bərpa olunan enerji mənbələri üzrə potensialı Azərbaycanın qlobal enerji mərkəzinə çevrilməsi imkanını yaradır.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberq bildirib ki, qlobal problemlər miqyasından asılı olmayaraq danışıqlar və müzakirələr yolu ilə həll edilməlidir.
“Aclıq, müharibələr, epidemiyalar kimi iriqmiyaslı çağırışlar müstəsna olaraq dialoq yanaşmasını tələb edir”, - həmsədr vurğulayıb.
Onun sözlərinə görə, bu gün ölkələr arasında olan gərginlik ciddi narahatlıq doğurur.
“Belə bir şəraitdə sülhü dəstəkləyən dövlətin atəşkəsə nail olması son dərəcə vacibdir. Biz ona inanırıq ki, dünyanın istənilən problemlərini miqyasından asılı olmayaraq danışıqlar yolu ilə həll etmək lazımdır. Hazırda biz beynəlxalq düzəndə həyəcanverici dəyişikliklər müşahidə etməkdəyik”, - deyə Vayra Vike-Freyberq qeyd edib.
Bolqarıstanın keçmiş prezidenti Rosen Plevneliyev bildirib ki, Azərbaycan çətin məqamda öz etibarlılığını nümayiş etdirdi və Bolqarıstan və Cənub-Şərqi Avropa ölkələri üçün strateji tərəfdaşa çevrildi.
“Biz Azərbaycanla strateji tərəfdaşlığımızdan qürur duyuruq. Biz ona olduqca minnətdarıq, belə ki, Azərbaycan çətin dönəmdə öz etibarlılığını sübut edib. Məsələn, “Qazprom” Bolqarıstana tədarük olunan qazı bir gün dayandırdı, Azərbaycan isə bizim köməyimizə gəldi, strateji tərəfdaşlıq və qarşılıqlı etibarlı münasibətlər qurmağa nail oldu”, - deyə R.Plevneliyev bildirib.
O vurğulayıb ki, Bolqarıstan və digər region ölkələri əməkdaşlığı daha da genişləndirərək, ikitərəfli ticarətin həcmini genişləndirmək istəyir.
“Artıq Rumıniya, Bolqarıstan, Macarıstan və başqa ölkələrlə müqavilələr bağlanıb, həmçinin, Gürcüstanla yeni layihə üzrə müqavilə bağlanıb ki, bu “yaşıl” enerjinin Avropaya tədarükü baxımından önəmli olacaq. Həmçinin, rəqəmsal rabitə və nəqliyyat infrastrukturu inkişaf edir”, - deyə keçmiş Bolqarıstan prezidenti əlavə edib.
R.Plevneliyev qeyd edib ki, gələcəkdə Azərbaycanla Balkan ölkələri arasında əməkdaşlığın və strateji tərəfdaşlığın daha da güclənməsi müşahidə olunacaq ki, bu da bütövlükdə region üçün müsbət faktordur.
Qeyd edək ki, forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya düzənininin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” devizi altında keçiriləcək.
Tədbirdə geosiyasi dəyişikliklər, çoxtərəflilik, qlobal səhiyyə böhranı, dünyanın bərpası və regional sabitlik, COP29 və digər əsas qlobal problemlər müzakirə olunacaq.
Forumda 60-dan çox ölkədən 300-dən çox dünya lideri, o cümlədən 25-dən çox keçmiş prezident, 15-dən çox keçmiş baş nazir, 10-a yaxın BMT və beynəlxalq qurumların rəhbəri, 25-dən çox keçmiş nazir və nazir müavinləri iştirak edəcək.