Bakı. Trend:
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Respublikasının xarici işlər naziri Georg Georgiyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən Trend-ə bildirilib ki, tərəflər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Geniştərkibli görüşdə Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlığının müxtəlif, o cümlədən iqtisadi, ticarət, enerji təhlükəsizliyi, yaşıl enerji, humanitar, mədəni və s. aspektləri, gələcək planlar, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Ölkələrimiz arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafında mövcud siyasi dialoqun əhəmiyyəti vurğulanıb. İqtisadiyyat, ticarət sahələri üzrə əməkdaşlıq imkanlarının mövcudluğu vurğulanıb, Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın bu xüsusda rolu qeyd edilib.
Enerji sahəsi üzrə həyata keçirilən birgə təşəbbüslərin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynadığı diqqətə çatdırılıb, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinin, xüsusilə yaşıl enerji sahəsi üzrə yeni layihələrin icrası üçün geniş perspektivlərin mövcud olduğu bildirilib.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.
Sülh müqaviləsinin mətninin razılaşdırılmasına baxmayaraq, Ermənistan tərəfinin Konstitusiyası və digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarına son qoyulmasının, ATƏT-in Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğvinin ən vacib amil olduğu vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
xxx
14:41
Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov ilə Bolqarıstan Respublikasının Xarici İşlər Naziri Georg Georgiyev arasında geniş tərkibdə görüş keçirilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabındakı paylaşımda deyilir.
"Müzakirələrdə nazirlər Azərbaycan və Bolqarıstan arasında bir neçə əsas istiqamətlərdə, o cümlədən iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və kommunikasiyalar üzrə strateji tərəfdaşlığın gücləndirilməsinə diqqət yetiriblər. Nazirlər həmçinin gələcək planları və iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da gücləndirilməsi potensialını müzakirə ediblər", - məlumatda deyilir.
Qeyd edilib ki, C.Bayramov bolqarıstanlı həmkarına münaqişədən sonrakı regional vəziyyət, son hadisələr və davam edən problemlər, xüsusilə Ermənistanın Azərbaycana qarşı ölkə konstitusiyasında təsbit olunmuş ərazi iddiaları barədə məlumat verib.
XXX
13:07
Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov ilə Bolqarıstan Respublikasının Xarici İşlər Naziri Georg Georgiyev arasında təkbətək görüş keçirilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabındakı paylaşımda deyilir.