Bakı.Trend:
Problemlərin səbəbləri dərindən təhlil edilmədən post-münaqişə inkişafı və regional sabitlik mümkünsüzdür.
Trend xəbər verir ki, bunu 2008 və 2015-2017-ci illərdə Rumıniyanın xarici işlər naziri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi beynəlxalq katibliyinin baş katibi Lazar Komenesku XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Sülh naminə bərpa: münaqişədən sonrakı inkişaf və regional sabitlik” mövzusunda panel müzakirəsi zamanı deyib.
Onun sözlərinə əsasən, münaqişənin uğurlu şəkildə nizamlanması üçün təkcə onun köklü səbəblərinin fərqinə varmaq önəmli deyil, həm də bərpa üzrə hər şeyin aydın təsbit olunduğu bir plan hazırlamaq vacibdir.
O, qarşıdurmanın ən çətin şərtlərində belə açıq dialoqun vacibliyini vurğulayıb.
“Dialoq üçün qapıları açıq qoymaq lazımdır, hətta tərəflər arasında kəskin münaqişə yaşandığı hallarda belə”, - deyə Komenesku qeyd edib.
O, həmçinin, Avropa İttifaqının beynəlxalq böhranların həlli yollarının tapılmasında analoji yanaşma ortaya çıxara biləcəyinə ümidini ifadə edib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.