...

Risk sığortası və zəmanətlər münaqişədən sonrakı inkişafa investisiyaların cəlb edilməsinə kömək edəcək - Nataliya Qavrilitsa

Siyasət Materials 14 Mart 2025 20:10 (UTC +04:00)
Risk sığortası və zəmanətlər münaqişədən sonrakı inkişafa investisiyaların cəlb edilməsinə kömək edəcək - Nataliya Qavrilitsa
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Hərbi sığorta, zəmanətlər, risk sığortası, o cümlədən, siyasi alətlər münaqişədən sonrakı şəraitdə özəl sektorun dəstəklənməsi və investisiyaların stimullaşdırılmasında mühüm rol oynaya bilər.

Trend-in məlumatına görə, bunu Moldovanın 2021-2023-cü illərdə baş naziri olmuş Nataliya Qavrilitsa XII Qlobal Bakı Forumu çərçivəsində "Sülh naminə bərpa: münaqişədən sonrakı inkişaf və regional sabitlik" mövzusunda panel müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, təhlükəsizlik təminatları və beynəlxalq səviyyədə tanınmış qaydalar bizneslərin proqnozlaşdırılabilən şəraitdə fəaliyyət göstərmələrini və münaqişədən sonra regionların yenidən qurulmasında inamla iştirakını təmin etmək üçün əsasdır.

"Mən, həmçinin, hökumətlərə və özəl sektora müharibədən sonrakı yenidənqurma risklərini bölüşməyə imkan verən maliyyə alətlərinin vacibliyinə inanıram. Münaqişədən sonrakı inkişafa investisiyaların aktiv şəkildə planlaşdırılması təhlükəsizlik zəmanətlərini gücləndirə və yeni müharibələrin qarşısını almağa kömək edə bilər", - Qavrilitsa qeyd edib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Xəbər lenti

Xəbər lenti