Bakı. Trend:
Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan Respublikası və Ermənistan Respublikasının sülh danışıqlarının başa çatması barədə açıqlamasını alqışlayıb və ümidvar olduğunu bildirib ki, bu tarixi addım həm Ermənistanın, həm Azərbaycanın, həm də bütün Qafqaz regionunun inkişafına nail olmaq üçün kommunikasiya, dialoq və sabitlik körpülərini gücləndirəcək.
Trend-in məlumatına görə, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
"Nazirin siyasi məsələlər üzrə köməkçisi Lana Nuseybe vurğulayıb ki, BƏƏ regional və beynəlxalq səviyyədə təhlükəsizliyin və sülhün möhkəmləndirilməsi, eləcə də davamlı və konstruktiv əməkdaşlığın yeni dövrünü açacaq nizamlanmanın möhkəmləndirilməsi üçün iki ölkə tərəfindən razılaşdırılmış bütün tədbirləri dəstəkləyir. Nuseybe qeyd edib ki, BƏƏ Ermənistan və Azərbaycanla dərin əlaqələrə malikdir və qarşılıqlı maraqlara nail olmaq üçün onlar arasında əməkdaşlığı gücləndirmək niyyətindədir", - deyə nazirlik bildirib.