Bakı. Trend:
“Vmedia” YouTube kanalında çıxan yeni videoda öz alimlərini türk arxivlərinə buraxmayan erməni hakimiyyətinin riyakarlığı barədə danışılır. https://www.youtube.com/live/tAsH-fSiAz4
Videoçarxa əsasən, belə bir qadağa haqda fərmanı ilk dəfə Ermənistanın keçmiş prezidenti, hərbi cinayətkar, Xocalı soyqırımının iştirakçısı Serj Sarkisyan imzalayıb. Lakin 2018-ci ildə “kabab inqilabı” nəticəsində onu hakimiyyətdən uzaqlaşdırmış Nikol Paşinyan da qadağanı olduğu kimi qüvvədə saxlayıb.
Bununla belə, Paşinyanın bu yaxınlarda “erməni soyqırımının” tarixinə qayıtmağın lazım gəldiyini” bildirməsi sözün əsl mənasında Ermənistanın daxilində ictimai rəydə böyük təlatüm yaradıb.
Paşinyanın sözlərinə görə, “nəyin niyə baş verdiyini”, "bu hadisənin necə və kimin köməyi ilə qəbul edildiyini", həmçinin "1939-cu ildə 'soyqırım' məsələsinin gündəmdə olmamasına baxmayaraq, 1950-ci ildə onun necə ortaya çıxdığını" anlamaq lazımdır.
Ermənistanda “erməni soyqırımın tədqiqi” üzrə çoxsaylı strukturlar mövcud olduğunu və onların mövzu üzrə həqiqi araşdırma barədə eşitmək belə istəmədiyini nəzərə alsaq, Paşinyanın bunu necə etməyə hazırlaşdığı məlum deyil.
“Vmedia”nın qeyd etdiyi kimi tarixçi-alimin arxivlərdə işləməsinə icazə verilməməsi, demək olar ki, kimyaçı alimin və ya fizikin laboratoriyada işləməsinə qadağa qoyulmasına bənzəyir.
Bu baxımdan Paşinyanın bəyanatından sonra düşən hay-həşir bir şeyi sübut edir: Ermənistanda və erməni diasporunda siyasi istablişmentin əhəmiyyətli hissəsi Sarkisyan dövrünün cinayətkar taktikasını davam etdirməkdədir. Belə ki, yaxşı başa düşürlər ki, türk arxivlərində “soyqırımın” heç bir dəlilini tapa bilməyəcəklər. Əksinə, Osmanlı imperiyasının şərq vilayətlərində baş verənlərin həqiqi mənzərəsi ilə tanış ola biləcəklər
Nəticə etibarilə, Ermənistan “sülhsevər” bəyanatlar verməsinə baxmayaraq, hələ də Cənubi Qafqazda tam təcrid olunmuş vəziyyətdə qalmaqdadır. Ermənistan keçmiş sovet respublikaları arasında yeganə dövlətdir ki, “perestroykadan” sonra belə tarixinin “ağ ləkələrini” aradan qaldırmayıb. Öz xalqını qəsdən məlumatsız saxlayan bir ölkə - qonşusuna qarşı da daimi nifrət aşılayacaq.