...

Prezident İlham Əliyev Xalq artisti Şəfiqə Məmmədovanı 80 illik yubileyi münasibətilə təbrik edib

Siyasət Materials 29 Mart 2025 11:18 (UTC +04:00)
Prezident İlham Əliyev Xalq artisti Şəfiqə Məmmədovanı 80 illik yubileyi münasibətilə təbrik edib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Şəfiqə Məmmədovaya 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Şəfiqə xanım!

Sizi – teatr və kino sənətimizin görkəmli nümayəndəsini 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Siz Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş sənətkarsınız. Özünəməxsus ifa tərzinizə sadiq qalmaqla mənəvi aləminə ustalıqla nüfuz edərək yaratdığınız dolğun, dramatik obrazlar hər zaman həyatiliyi ilə seçilmiş və yaddaşlarda silinməz iz qoymuşdur. Milli Dram Teatrının səhnəsində canlandırdığınız müxtəlif xarakterlər və kinematoqrafiyamızın qızıl fondunda fəxri yer tutan filmlərdə uğurlu ekran həyatı verdiyiniz qəhrəmanlar Sizə geniş şöhrət qazandırmışdır.

Aktyorluq sənətinin sirlərinə gənclərin yiyələnmələri üçün mahir pedaqoq olaraq böyük əmək sərf etmisiniz. Ölkəmizin mədəni-ictimai həyatında fəal iştirakınız vətəndaş mövqeyinizin bütövlüyünün bir təzahürüdür.

Yaradıcı şəxsiyyət kimi səmərəli fəaliyyətiniz daim yüksək qiymətləndirilmiş və dəfələrlə təltiflərə layiq görülmüşdür.

Sizə bu əlamətdar gündə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və nailiyyətlər arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti