Bakı. Trend:
Bakı Təşəbbüs Qrupu və Qvadelupanın siyasi partiyası arasında memorandum imzalanacaq.
Trend xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov “Kolonializm: Milli-dini kimliyin silinməsi” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Bu gün Bakı Təşəbbüs Qrupunun növbəti Beynəlxalq konfransı həyata keçirilib. Konfransda 10-a yaxın dənizaşırı dövlətlərin, müstəmləkə əsarətində olan ərazilərin nümayəndələri, müstəqillik hərəkatlarının rəhbərləri iştirak edir. Tədbir çərçivəsində Fransa müstəmləkəçilik siyasətlərinin fəsadlarını əks etdirən sərgi keçirilir. Daha sonra isə Bakı Təşəbbüs Qrupu və Qvadelupanın siyasi partiyası arasında memorandum imzalanacaq. Birazdan Kanak xalqı arasında qanunsuz həbs edilən siyasi məhbuslara həsr edilən flaşmob olacaq", - o bildirib.
Onun sözlərinə görə, imzalanacaq memorandumla biz artıq əməkdaşlığımızı strateji bir müstəviyə daşıyırıq və bununla bağlı həm siyasi müstəvidə, həm iqtisadi, sosial sahədə, elm sahəsində iki təşkilat arasında əməkdaşlıq növbəti bir səviyyəyə keçir.
"Biz aramızda olan əməkdaşlığı memorandumla daha da möhkəmləndiririk",- deyə o əlavə edib.