...

Fransanın sifarişi ilə hazırlanan sənədli film guya obyektiv görünmək məqsədilə Almaniya televiziyasında efirə verilib – ŞƏRH

Siyasət Materials 31 Mart 2025 16:46 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Çox təəssüf ki, Almaniyanın dövlət televiziyası olan “Deutsche Welle”də belə sənədli filmi yayımlanıb. Əslində gözlənilən idi. Çünki hazırda Bakıda erməniəsilli şəxslərin məhkəmə prosesi keçirilir. Ermənistan dövləti bununla bağlı heç bir addım ata bilmir və əslində atmaq fikrində də deyil. Bunu görən erməni diasporu, xüsusən də Avropada, Fransadakı erməni diasporu müəyyən çaşqınlıq yaratmaq və rəsmi Bakıya təzyiq göstərmək məqsədilə məhz Fransanın təşəbbüsü ilə belə sənədli filmi Almaniya televiziyasında yayımlayıb.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov deyib.

O bildirib ki, burada həm də Fransa və Almaniya əməkdaşlığı görünür:

“Bu, ilk belə hal deyil. 2024-cü ilin yanvarında AŞPA-nın qış sessiyasında məhz Fransanın təşkilatçılığı ilə almaniyalı deputat Frank Şvabe Azərbaycana qarşı qətnamə qəbul edilməsinə nail olmuşdu. Görünən odur ki, Fransa-Almaniya əməkdaşlığı burada da özünü büruzə verir. Elə filmdə başdan ayağa Fransanın təbliğ olunması, Fransanın Ermənistanın yeganə xilaskarı kimi təqdim edilməsi də təsadüfi deyil”.

Filmin məzmununa gəldikdə isə hüquq müdafiəçisi vurğulayıb ki, bu, peşəkarlıq, obyektivlik baxımından heç bir standarta uyğun gəlməyən, tam qərəzli şəkildə birtərəfli və saxta məlumatlarla doldurulmuş açıq təbliğat, propaqanda nümunəsidir:

“Burada ilk növbədə tarixi faktlar saxtalaşdırılır, olmayan hadisələr reallıq kimi göstərilir, həqiqətlər ciddi şəkildə təhrif olunur, erməni narrativləri – onların min illər boyu Cənubi Qafqazda yaşayan xalq və ya dünyanın ilk xristian xalqları olması - var. Biz bilirik ki, bunlar ermənilərin illərdir, dünyaya təlqin etməyə çalışdığı uydurma narrativlərdir, yəni bunu heç bir dünya ölkəsi ciddi qəbul etmir. Ən yaxın tarixə qədər olan faktları saxtalaşdırırlar. İstər İosif Stalinin dövründə imzalanmış qərarları, istər ötən əsrin 88-ci illərdə baş verənləri.

Bununla yanaşı, azərbaycanlıların məruz qaldığı soyqırımı, məcburi deportasiya ilə bağlı bəzi kadrlar var. Azərbaycanlılara məxsus o görüntüləri guya ermənilərin soyqırımı, deportasiyaya məruz qalması kimi qələmə verməyə çalışırlar. Bu ikiüzlülük, açıq saxtakarlıq, iyrənclikdir. Eyni zamanda tam birtərəfli şəkildə, guya ermənilərin Qarabağdakı mübarizəsini azadlıq uğrunda mübarizə adlandırır, amma azərbaycanlıların öz evi, torpağı, ərazi bütövlüyü uğrunda mübarizəsini bir qəsd kimi qələmə verirlər. Heç Ermənistanın dövlət televiziyasında belə film nümayiş hazırlanmayıb, etdirilməyib. Yəni görün Almaniya televiziyası nə qədər qərəzli və sifarişli material ortaya qoyub”.

Əhməd Şahidov vurğulayıb ki, bu sırf erməni diasporunun, xüsusən də revanşist güclərin sifarişi əsasında hazırlanan filmdir.

“Çünki bu gün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin şərtlərinin razılaşdırıldığı məqamda erməni rəsmiləri - baş nazir, spiker, xarici işlər naziri - Azərbaycanın ərazi bütövlüyünü qəbul etdikləri ilə bağlı, Qarabağın Azərbaycanın ayrılmaz parçası olması ilə bağlı dedikləri açıqlamalar bir tərəfdə, bu film bir tərəfdə. Bu filmdə erməni rəsmiləri açıqlamalar vermirlər. Kimlər açıqlama verir? Separatçı Samvel Babayan - Azərbaycan xalqının qanına əlini bulamış terrorçu. Riçerd Krikasyan - daşnakçı, Los-Ancelesdə yaşayan ermənidir. Fransa səfiri və ya fransızlar. Bu sırf Fransadakı erməni diasporunun sifarişi, istəyi və Fransanın təşkilatçılığı ilə, guya obyektiv görünmək məqsədilə Almaniya televiziyasında efirə verilən revanşist filmdir.

Təbii ki, buna etiraz olunmalıdır. Bunu Fransa televiziyası yaysaydı, hardasa qəbul etmək olardı. Fransa artıq Azərbaycana qarşı hücumları illərdir ki, davam etdirir. Amma özünü demokratik, tolerant ölkə kimi qələmə verən Almaniya televiziyasında, özü də dövlət kanalında belə filmin yayımlanması Almaniyanın da özünün obyektivlik şkalasına, imicinə ciddi zərbədir.

Təbii ki, Almaniya rəsmilərinə, ilk növbədə Almaniyanın Bakıdakı səfirliyinə rəsmi şəkildə etiraz məktubu ünvanlanmalıdır. Burada birtərəfli, qərəzli məlumatların yer aldığı, tarixin saxtalaşdırıldığı və revanşist intiqamçı fikirlərin təbliğ olunduğu, revanşist, terroru dəstəkləyən, müharibəni dəstəkləyən şəxslərə imkan yaradıldığı, platforma verildiyi açıq şəkildə bildirilməlidir ki, Almaniya rəsmiləri bunun fərqinə varsınlar. Bu film açıq təbliğat ruporudur, ciddiyə almağa dəyməz. Amma eyni zamanda Azərbaycan tərəfindən ciddi şəkildə etiraz olunmalıdır, çünki ciddi ölkənin ciddi televiziyasında yayımlanıb”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti