Bakı. Trend:
8 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əbu-Dabi şəhərində İsrail Dövlətinin xarici işlər naziri Gideon Saar ilə görüşüb.
XİN-dən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional və qlobal vəziyyət müzakirə olunub.
İki ölkə arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, humanitar sahələr üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın rolu qeyd olunub.
Tərəflər, habelə, yüksək texnologiyalar, səhiyyə və təhsil sahələrindəki təcrübə mübadiləsinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Ölkəmizin, Yaxın Şərq regionunda sülh və sabitliyin bərqərar edilməsini, o cümlədən İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həlli prosesini dəstəklədiyi bir daha qeyd olunub.
Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan sülh prosesi barədə ətraflı məlumatlandırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XXX
13:27
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində İsrail Dövlətinin xarici işlər naziri Gideon Saar ilə görüşü olub.
Trend xəbər verir ki, bu barədə G.Saar özünün "X" sosial şəbəkəsində paylaşım edib.
"Dostum Ceyhun Bayramov ilə əla görüşüm oldu. Azərbaycanın xarici işlər naziri bu dəfə Əbu-Dabidə keçirilən MEAD konfransında iştirak edib və burada geniş spektrli məsələlərin müzakirəsi aparılıb. Azərbaycanla əlaqələr genişlənir və strateji, diplomatik, iqtisadi, enerji və digər aspektləri əhatə edir. Biz onları yaratmağa və gücləndirməyə davam edəcəyik!", - deyə paylaşımda deyilir.