Bakı. Trend:
Aprelin 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Moldova Respublikası Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolea ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan-Moldova dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.
Bakıda keçiriləcək Azərbaycan Respublikası və Moldova Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının iki ölkə arasında qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Ticarət, investisiyalar, neft-qaz, yaşıl enerji, nəqliyyat, kənd təsərrüfatı, humanitar və bir çox digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Görüşdə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Məcnun Məmmədov iştirak edib.