...

Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupu Fransa Milli Assambleyasının qətnaməsinə etiraz edib

Siyasət Materials 11 Aprel 2025 18:38 (UTC +04:00)
Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupu Fransa Milli Assambleyasının qətnaməsinə etiraz edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupu Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməyə dair bəyanat verib.

Trend-in xəbərinə görə, bəyanatda bildirilib ki, Fransa Milli Assambleyası Azərbaycana qarşı qərəzli mövqeyini növbəti dəfə nümayiş etdirərək, ölkəmizə qarşı, o cümlədən Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ilə bağlı absurd iddiaların əks olunduğu qətnamə qəbul edib.

"Digər tərəfdən, bu ölkənin xarici işlər naziri Jan Noel Baro da Milli Assambleyadakı çıxışında həmin iddiaları təkrarlayıb, ölkəmiz əleyhinə əsassız ittihamlar səsləndirib.

Azərbaycan Respublikası Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupu olaraq, biz beynəlxalq hüquqa və obyektiv reallığa uyğun gəlməyən qətnaməni və səsləndirilmiş fikirləri şiddətlə qınayır, bunları Fransanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının növbəti nümunəsi kimi qiymətləndiririk.

Azərbaycan Respublikası hər zaman beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də dövlətlərin suverenlik prinsipinə sadiqdir. Bakı Təşəbbüs Qrupu isə məhz bu prinsiplərə əsaslanaraq, beynəlxalq platformalarda müstəmləkəçilik siyasətinə qarşı çıxış edən, azadlıq və ədalət uğrunda mübarizə aparan xalqlara dəstək məqsədi daşıyan bir platformadır.

Fransa tərəfinin bu təşəbbüsü gözdən salmaq cəhdləri, əslində onun öz bədnam müstəmləkə siyasətinə haqq qazandırmaq niyyətindən irəli gəlir", - bəyanatda deyilir.

Qeyd edilib ki, Fransa kimi beynəlxalq hüququ və demokratiyanı müdafiə etdiyini iddia edən bir dövlətin Ermənistanın Azərbaycan torpaqlarının 30 illik işğalına göz yumması, bu müddət ərzində bir milyondan çox azərbaycanlının doğma yurdlarından didərgin düşməsinə, mədəni və dini abidələrin dağıdılmasına səssiz qalması bu ölkənin əsl simasının sübutu, adət etdiyi ikili standartların daha bir bariz ifadəsidir:

"Biz bu gün müzəffər Azərbaycan liderinin rəhbərliyi altında artıq suveren ərazilərimizdə yaşayırıq, ərazi bütövlüyümüz tam bərpa olunmuşdur. Bununla da biz Fransanın Cənubi Qafqazda apardığı destruktiv siyasətin qarşısını kəsmişik. Ancaq biz görürük ki, Fransa məhz həmin müstəmləkəçilik təfəkkürünü Cənubi Qafqaz regionunda da tətbiq etməyə çalışır. Hələ də Ermənistanı silahlandırır və Ermənistandan manipulyativ alət kimi istifadə edir.

Bu gün Fransa hakimiyyəti Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı addımlarını hədəf almağa çalışır. Lakin Fransa artıq anlamalıdır ki, onun müstəmləkəçilik siyasəti, Yeni Kaledoniya və digər bölgələrdə yerli xalqların iradəsinin kobud şəkildə pozulması Bakı Təşəbbüs Qrupunun səyləri sayəsində artıq beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Biz Fransa hakimiyyətini və qanunvericilik orqanını beynəlxalq hüquq və ədalət prinsiplərinə zidd siyasətlərdən imtina etməyə, fundamental insan hüquqlarına hörmət etməyə və dənizaşırı ərazilərdəki xalqların müstəqillik arzularını təmin etməyə çağırırıq".

Xəbər lenti

Xəbər lenti