Xankəndi. Trend:
Ümid edirəm ki, məcburi köçkünlər tezliklə Xankəndiyə qayıda biləcəklər.
Bunu bu gün Trend-ə diplomatik korpus nümayəndələrinin Xankəndiyə səfəri zamanı Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov deyib.
"Bu gün mən ilk dəfə Xankəndidə oldum. Mən burada baş verən dəyişikliklərə heyranam. Bu proseslərin daha da sürətlə getməsini arzu edirik. Gələn il buraya yenidən gəlsək, tamamilə yeni bir şəhər görmək istəyirik - bərpa edilmiş, yenilənmiş. İstərdim ki, doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalan köçkünlər tezliklə buraya qayıtsınlar ki, onlar burada yeni dinc həyata başlasınlar", - o bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə xarici diplomatik korpusun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili davam edir.
Budəfəki səfərdə 33 ölkədən və 7 beynəlxalq təşkilatdan Azərbaycanda akkreditə olunmuş 100-dən çox diplomat və hərbi attaşe iştirak edir. Səfərin məqsədi xarici diplomatları Xankəndidə aparılan bərpa və yenidənqurma işləri və Qarabağ Universitetinin tələbələri üçün yaradılan şəraitlə tanış etməkdir.