...

BTQ-nin icraçı direktoru Abbas Abbasov Pietro Parolinə Roma Papası Fransiskin vəfatı ilə bağlı başsağlığı verib

Siyasət Materials 22 Aprel 2025 14:11 (UTC +04:00)
BTQ-nin icraçı direktoru Abbas Abbasov Pietro Parolinə Roma Papası Fransiskin vəfatı ilə bağlı başsağlığı verib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Müqəddəs Taxt-Tacın dövlət katibi Pietro Parolinə Roma Papası Fransiskin vəfatı ilə bağlı başsağlığı məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,

Bakı Təşəbbüs Qrupu Papa Fransisk Həzrətlərinin vəfatı ilə bağlı dərin kədər və ehtiramla Sizə və Müqəddəs Taxt-Taca səmimi başsağlığını bildirir.

Papalığı dövründə Papa Fransisk beynəlxalq miqyasda vicdanın, ədalətin və mərhəmətin rəmzinə çevrilmişdi. O, kolonializm və neokolonializmin bütün formalarına qarşı qətiyyətlə çıxış edərək, xalqların azadlığı və ləyaqətinin müdafiəsində iradəli və prinsipial mövqe sərgiləmişdir. Tarixi və sistemli ədalətsizlikləri qınamaq, insan hüquqları və qlobal bərabərliyi təşviq etmək istiqamətində göstərdiyi qətiyyətli səylər dünya miqyasında milyonlarla insan üçün, o cümlədən dekolonizasiya uğrunda fəaliyyət göstərən bizim kimi təşkilatlar üçün dərin ilham mənbəyi olmuşdur.

Bakı Təşəbbüs Qrupu Papa Fransiskin cəsarətlə müdafiə etdiyi dəyərlərə – tarixi ədalətin təmininə və bütün formalarındakı müstəmləkə hökmranlığın aradan qaldırılmasına – sarsılmaz sədaqətini bir daha bəyan edir.

Papa Həzrətləri beynəlxalq ictimaiyyətə xatırlatmışdır ki, müstəmləkə irsləri sadəcə keçmişin məsələləri deyil, bu gün də milyonlarla insanın həyatına və gələcəyinə birbaşa təsir edən ciddi çağırışlardır. Onun həmrəylik, ədalət və sülh üzərində qurulmuş ədalətli dünyagörüşü beynəlxalq hüquq və prinsiplər çətiri altında ədalətin bərpası naminə çalışan hər kəsin yoluna işıq saçacaq.

Matəm dolu bu ağır günlərdə biz katolik icmasına, Müqəddəs Taxt-Taca və Papa Fransiskin sözlərində və əməllərində ümid və mənəvi dəstək tapan insanlara dərin hüznlə başsağlığı veririk. Onun əbədi irsi daha humanist və ədalətli dünya uğrunda mübarizə aparanların qəlbində daim yaşayacaq.

Zati-alinizə dərin ehtiramımızı və sarsılmaz həmrəyliyimizi bir daha bəyan edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti