Bakı.Trend:
Qlobal Cənub QHT Platformasının aprelin 28-29-da Bakıda keçiriləcək təsis konfransı ilə əlaqədar bu gün Azərbaycan Milli QHT Forumunun ofisində brifinq keçirilib.
Trend xəbər verir ki, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bir neçə gün sonra – aprelin 28-də Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini özündə birləşdirən böyük coğrafiyanın – dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisənin baş verəcəyini bildirərək deyib:
“Tarixdə ilk dəfə Qlobal Cənub QHT Platformasının təsis olunması nəzərdə tutulur. Bizim üçün şərəf və qürurdur ki, bu platformanın təşəbbüskarı Azərbaycanın vətəndaş cəmiyyətidir”.
R.İskəndərli xatırladıb ki, Azərbaycan Milli QHT Forumu 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində keçirilən Qoşulmama Hərəkatı regionu QHT-lərin “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfransda Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatdığını elan edib. Bu təşəbbüs beynəlxalq dəstək qazanaraq 140-a yaxın ölkənin QHT-ləri tərəfindən alqışlanıb, 1000-dən çox xarici QHT bu təşəbbüsü müdafiə edən birgə bəyanat yayıb.
Üzvlərinin 84 faizi inkişaf etməkdə olan ölkələrin vətəndaş cəmiyyətlərini təmsil edən COP29 QHT Koalisiyası da bu təşəbbüsün reallaşdırılması üçün çağırış edib. Koalisiya ötən ilin sonunda Qlobal Cənub QHT Platformasının təsisatlandırılması üçün məsələ qaldırıb, Azərbaycan Milli QHT Forumundan prosesin aparılması xahiş olunub. "Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə minnətdarıq, bu qlobal təşəbbüsü reallığa çevirməkdə bizə əsl dəstək verdi, kömək üçün bütün müraciətlərimizə müsbət yanaşdı. Dünyanın 110-dan çox ölkəsindən aparıcı QHT rəhbərləri dəvətimizi qəbul edib, onlar Bakıda olacaqlar. Bu, həm Qlobal Cənub, həm də Azərbaycan üçün əsl QHT səfərbərliyidir. Biz həmrəyliyimizi nümayiş etdirəcək, gücümüzü birləşdirəcəyik", - deyə o vurğulayıb.
Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, Qlobal Cənub QHT Platforması COP29-un ölkəmizin həyatına gətirdiyi daha bir yenilikdir: “Bu təşəbbüs məhz COP29 zamanı irəli sürülüb. Biz böyük iftixar içərisindəyik ki, Azərbaycan QHT-lərinin təşəbbüsü ilk dəfə dünya miqyasında belə bir qlobal dəstək qazanıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə yeni və ədalətli dünya nizamı üçün gərgin fəaliyyəti, irəli sürdüyü mühüm təşəbbüslər, COP29 zamanı “Bakı dönüşü”nün əldə olunması Qlobal Cənubda Azərbaycan dövlətinə böyük rəğbət yaradıb”. Bu tədbirin Azərbaycanın vətəndaş cəmiyyətinin həyatında yeni başlanğıc olduğunu söyləyən A.Əliyeva qeyd edib: “Azərbaycan QHT-ləri Qlobal Cənub regionu ölkələrinin QHT-ləri ilə yeni əlaqələr quracaq, əməkdaşlığı daha da dərinləşdirəcək”.
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli diqqətə çatdırıb ki, Qlobal Cənub QHT Platformasının Bakıda formalaşması ölkəmizin Qlobal Şimal və Qlobal Cənub arasında uğurlu vasitəçi, körpü olmasının aydın təzahürüdür.
Qeyd edək ki, platformanın təsis konfransı aprelin 28-29-da Bakı Konqres Mərkəzində keçiriləcək. İki gün davam edəcək “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda dünyanın aparıcı QHT-lərindən nümayəndələr çıxış edəcək, qlobal diskussiyalar təşkil olunacaq, 70 il əvvəl İndoneziyada qəbul edilmiş tarixi “Bandunq prinsipləri”nin əhəmiyyəti vurğulanacaq. Bu prinsiplər dövlətlərin daxili işlərinə qarışmanı rədd edir, dinc, ədalətli dünya nizamının yaradılmasını, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət bəslənilməsini, xalqların bərabərliyinin təmin olunmasını təşviq edir, qarşılıqlı maraq və əməkdaşlığın, iqtisadi rifahın gücləndirilməsi üçün səfərbərliyə çağırır.