Bakı. Trend:
Avropa İttifaqı və Azərbaycan yeni tərəfdaşlıq və əməkdaşlıq sazişi üzrə danışıqları bərpa etmək barədə razılığa gəliblər.
Trend xəbər verir ki, bunu bu gün Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransı zamanı deyib.
"Bu tərəfdaşlıq qarşılıqlı hörmət, o cümlədən Aİ-yə üzv dövlətlərə hörmət, habelə qanunun aliliyi və insan hüquqları kimi fundamental prinsiplər üzərində qurulmalıdır", - o bildirib.
O qeyd edib ki, Aİ ilə Azərbaycan arasında uzunmüddətli tərəfdaşlıq mövcuddur. Xüsusilə, Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı və eyni zamanda ən böyük investorudur.
"Aİ həmçinin Azərbaycanda minatəmizləmə əməliyyatlarına əhəmiyyətli dəstək verir, münaqişənin nəticələrinin aradan qaldırılmasına və insanların həyatını xilas etməyə kömək edir. Əməkdaşlığımızın gələcək inkişafı üçün böyük potensialı var", - o əlavə edib.