Bakı. Trend:
Azərbaycan və ATƏT Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyəti müzakirə ediblər.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov aprelin 25-də ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə birgə mətbuat konfransında bildirib.
"Bir neçə mövzu ətrafında faydalı və mənalı müzakirələr apardıq. Görüş zamanı regional hadisələr və münaqişədən sonrakı dövrlə bağlı çağırışlar barədə ətraflı məlumat verilib. Xüsusilə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələləri, eləcə də münaqişədən sonrakı dövrdə ölkəmizdə aparılan bərpa işləri müzakirə edilib", - o deyib.
Onun sözlərinə görə, ikitərəfli məsələləri müzakirə etməzdən əvvəl tərəflər geniş coğrafi məkanda mövcud vəziyyətlə bağlı daha geniş spektrli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
"Biz sabitliyə və təhlükəsizliyə təhdidlər, ölkələr arasında qarşılıqlı etimadın pisləşməsi, gərginliyin artması və vəziyyətin mürəkkəbləşməsi, o cümlədən etnik və dini dözümsüzlük və ayrı-seçkiliyin təzahürlərinə toxunduq”, - deyə C.Bayramov əlavə edib.
XİN rəhbərinin sözlərinə görə, belə qeyri-sabit vəziyyət şəraitində tərəflər hərtərəfli və kollektiv təhlükəsizlik konsepsiyasına əsaslanan ATƏT kimi təşkilatın əhəmiyyətini vurğulayıblar.
"Biz qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsi, yeni şəraitə çevik uyğunlaşma və prioritet istiqamətlərdə fəaliyyətin gücləndirilməsi zərurətini müzakirə etdik", - deyə C.Bayramov qeyd edib.