Bakı. Trend:
İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərində iqtisadi əməkdaşlıq qarşısında duran maneələrin aradan qaldırılması prioritet təşkil edə bilər.
Bunu Trend-ə açıqlamasında İran Parlamentinin sabiq deputatı Mahmud Abbaszadə deyib.
Onun sözlərinə görə, elə bu istiqamətdə səfər çərçivəsində İran
prezidentini böyük iqtisadi heyət müşayiət edəcək.
Abbaszadə bildirib ki, iki ölkə bir çox ehtiyat və imkana sahibdir.
Bu isə qarşılıqlı olaraq bir-birlərinin ehtiyaclarını minimum
xərclə təmin etməsinə imkan yaradır.
İranlı sabiq deputat qeyd edib ki, iki ölkə münasibətlərinin inkişafı və möhkəmləndirilməsi hər iki dövlət və xalqların mənafeyi istiqamətindədir. İranın xarici siyasətinin strategiyalarından biri qonşu ölkələrlə maksimum şəkildə münasibətlərin inkişaf etdirilməsidir. Hər iki dövlət bir-birinin daxili məsələlərinə müdaxilə etmədən əlaqələrin inkişaf etdirilməsinə çalışa bilərlər.
“Mən inanıram ki, iki ölkə qonşusunun mənafeyi əleyhinə öz
torpağından istifadə edilməsinə icazə verməyəcək. Çünki iki ölkənin
ortaq tarixi, coğrafiyası, müştərək sərhədi, müştərək dili və
mədəniyyəti və sairə bağları vardır”, - deyə o qeyd edib.
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian 28 apreldə
Azərbaycana səfər edəcək.