Bakı.Trend:
Qlobal Cənub davamlı və inklüziv inkişaf üçün böyük potensiala malikdir.
Trend xəbər verir ki, bunu İqlim dəyişikliyi sahəsində ədalət uğrunda Panafrika alyansının nümayəndəsi Çarlz Piter Mvanqi Nyambura Qlobal Cənub QHT platformasının Bakıda keçirilən “Hərəkətdə həmrəylik: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" mövzusunda təsis konfransında çıxışı zamanı bildirib.
“Bildiyimiz kimi, Qlobal Cənub uzun müddət iqtisadi istismar, siyasi müdaxilə, ticarət, maliyyə və inkişafda bərabərsizliklər və təbii ki, yerli icmalar üçün iqlim dəyişikliyi təhlükəsi də daxil olmaqla bir sıra sahələrdə sistemli və struktur ədalətsizliklərlə üzləşib.
Belə bir ədalətsizlik çox vaxt resursların ədalətli şəkildə kompensasiya olunmadan hasil edildiyi tarixin nəticəsi olur. Ələlxüsus da Afrika regionu son dərəcə zəruri olan mineralların qeyri-səmərəli şəkildə istismarı ilə bağlı ciddi problemlərlə qarşı-qarşıyadır”, - deyə o bildirib.
Onun sözlərinə görə, Qlobal Cənub dayanıqlı və inklüziv inkişaf üçün nəhəng potensiala malikdir, lakin bu potensial qlobal maliyyə və iqtisadi sistemlərdəki struktur bərabərsizlikləri səbəbindən çox vaxt istifadə olunmamış qalır.
“Beləliklə, ədalətli dünya yaratmaq üçün biz Qlobal Cənubdakı bir çox ölkələrin üzləşdiyi bu tarixi reallıqları qəbul etməliyik”, - deyə o bildirib.