Bakı.Trend:
Qlobal Cənub QHT-nin konfransı yüksək dəyərə layiqdir.
Trend xəbər verir ki, bunu Filippinin Beynəlxalq Teatr İnstitutu Mərkəzinin direktoru və sülh naminə UNESCO artisti Sesil Alvares Qlobal Cənub QHT platformasının bu gwn Bakıda keçirilən “Hərəkətdə həmrəylik: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" mövzusunda təsis konfransında çıxışı zamanı deyib.
"Bakıda ilkin əməkdaşlıq platformasının kompleks, fənlərarası və inklüziv bir yanaşma ilə genişləndirilməsinə yönəlmiş bu görüş yüksək dəyərə layiqdir", – deyə o bildirib.
Onun sözlərinə görə, bu tədbir siyasətlərin möhkəmləndirilməsi və onların icrasına nəzarət, Cənub ölkələri arasında innovativ əməkdaşlığın təşviqi, eləcə də texnologiyaların şəffaf mübadiləsi və iqlim fəlakətləri ilə mübarizədə ən yaxşı təcrübələrin maliyyə dəstəyi məsələlərində Şimalla dialoq baxımından böyük əhəmiyyət kəsb edir.
S.Alvares əlavə edib ki, mədəniyyət dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında əsas rol oynasa da, lakin çox vaxt lazımınca dəyərləndirilmir və bir əyləncə vasitəsi kimi qəbul edilir.
O bildirib ki, mədəniyyətin aktiv şəkildə istifadəsi olmadan cəmiyyətin effektiv inkişafı mümkün deyil. Alvares qlobal problemlərlə bağlı kommunikasiyada mədəniyyətin inteqrasiyasına dair çağırış da edib. Onun fikrincə, mədəniyyət dəyişikliklərin katalizatoru olmalı, insanlara iqlim və sosial problemlərin həllində üzərlərinə düşən öhdəlikləri dərk etməyə kömək etməlidir.