...

Milli Məclisin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda xüsusi iclası keçirilib

Siyasət Materials 8 May 2025 11:05 (UTC +04:00)
Milli Məclisin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda xüsusi iclası keçirilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunmuş xüsusi iclası keçirilib.

Trend xəbər verir ki, xüsusi iclas “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilib.

Spiker bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ölkəmizin həyatında üç mühüm dönüş nöqtəsinin tarixi əhəmiyyətini ifadə edir. Müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının qələbələrlə başa çatdırılması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması xalqımızın taleyi ilə bağlı olan müstəsna əhəmiyyətli hadisələrdir.

Milli Məclisin sədri deyib ki, müasir Azərbaycanın tarixi Ulu Öndər Heydər Əliyevin milli qurtuluşun və davamlı inkişafın təcəssümünə çevrilmiş fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. Ulu Öndər xalq və vətən yolunda göstərdiyi misilsiz xidmətləri ilə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmışdır. Heydər Əliyev şəxsiyyəti hər bir azərbaycanlı üçün müdriklik, əzmkarlıq və vətənə sədaqət rəmzidir. Onun ölməz ideyaları bugünkü və gələcək nəsillərin əməllərində yaşayır və daim yaşayacaq.

Sonra plenar iclasda ideya müəllifi Milli Məclisin sədri Sahibə Qafarova olan “İlk milli Konstitusiyamız və Suverenliyimiz” adlı sənədli film nümayiş etdirilib.

Parlament Aparatında hazırlanmış bu sənədli film Azərbaycanın ilk Konstitusiyasının qəbulunun 30 illiyinə, Vətən müharibəsində Azərbaycan xalqının Zəfərinin 5-ci ildönümünə, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpasına həsr olunub.

Film deputatlar tərəfindən böyük maraqla izlənilib.

Sonra iclasda mövzu ilə bağlı deputatların çıxışları dinlənilib.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, komitə sədrləri Fazil Mustafa, Siyavuş Novruzov, Musa Quliyev, Şahin İsmayılov, Tahir Rzayev, Hicran Hüseynova, Zahid Oruc, Əli Hüseynli, deputatlar Pərvin Kərimzadə, Bəhruz Məhərrəmov, Rizvan Nəbiyev, Azər Badamov, Nurlan Həsənov, Vüqar Bayramov, Elşən Musayev, Tural Gəncəliyev, İlham Məmmədov, Tahir Mirkişili, Kamal Cəfərov, Jalə Əliyeva öz fikirlərini bölüşüblər.

Sonra iclasda deputat Bəhruz Məhərrəmov “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatını səsləndirib.

Bəyanat səsə qoyularaq qəbul edilib.

Bununla da Milli Məclisin xüsusi iclası başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti