Bakı. Trend:
Növbəti il Azərbaycan İslam Əməkdaşlığı Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcək və həmin vaxtdan etibarən iki illik müddət ərzində bu qurumun sədrliyi funksiyasını həyata keçirəcək.
Trend xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda genişləndirilmiş iclasında çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, bu il iyulda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü də Azərbaycanda keçirilməlidir.
“Növbəti ildə də bir sıra vacib digər beynəlxalq tədbirlər də baş tutacaq. BMT sistemi çərçivəsində təşkil edilən irimiqyaslı tədbirlərdən sayılan Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi nəzərdə tutulur. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə də ev sahibliyi edəcək”, - deyə Y.Rəfiyev qeyd edib.