Bakı.Trend:
TÜRKSOY-un baş katibi Sultan Rayev Şamaxıda yerləşən "Türk Şəhidliyi" abidəsini ziyarət edib.
Bu barədə Trend-ə TÜRKSOY-dan məlumat verilib.
Bildirilib ki, memorial 1918-ci ildə Qafqaz İslam Ordusunun tərkibində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Osmanlı əsgərlərinin xatirəsinə ucaldılıb. Bu abidə türk dünyasının ortaq tarixi yaddaşında xüsusi yer tutur.
Ziyarət zamanı şəhidlərin xatirəsinə dualar oxunub, abidə önünə gül dəstələri düzülüb.
Sultan Raev qeyd edib ki, Şamaxıdakı bu abidə xalqlarımızın ümumi tarixinin və qardaşlığının rəmzidir. Burada dəfn olunan qəhrəmanlar azadlıq uğrunda canlarından keçiblər. Onların xatirəsini qorumaq bizim müqəddəs borcumuzdur.