Bakı.Trend:
Azərbaycan-Ukrayna münasibətləri daim sağlam münasibətlər əsasında qurulub.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Onun sözlərinə görə, bu münasibətlər bu gün də uğurla davam etdirilir:
"Ölkələrimizi bir çox dəyərlər birləşdirir. İstər sovetlər dövründə, istərsə də bu gün Ukrayna xalqının Azərbaycan xalqına münasibəti sağlamdır, möhkəmdir. Qarşılıqlı olaraq Azərbaycan da daim Ukraynanın müstəqilliyini, suverenliyini dəstəkləyir. Dövlətimiz bu mövqedən çıxış edir. Ancaq biz heç bir ölkənin daxili işlərinə qarışmırıq, Azərbaycan Prezidenti İlham Əliyev özünün balanslaşdırılmış siyasəti ilə dünyaya bir daha göstərir ki, sülhün, azadlığın, demokratiyanın, insan mənafeyinin, sağlamlığının tərəfdarıdır. Hər hansı dövlətin digəri ilə münaqişədə olmasına baxmayaraq özünün xarici siyasətini uğurla həyata keçirir".
Deputat bildirib ki, bu gün Ukrayna Rusiya ilə müharibə şəraitində olmasına baxmayaraq Azərbaycanın həm Rusiya həm də Ukrayna ilə münasibətləri normaldır.
"Bu bir təzad yaratmır. Azərbaycan dövləti də daim sülhü, beynəlxalq hüquq normalarını dəstəkləyir və o mövqedən çıxış edir. Ukraynaya humanitar yardım göstərməyimizdə heç də təsadüfi deyil. Bu əlbəttə ki, hərbi dəstək sayıla bilməz. Bu orada olan insanlara bir köməkdir. Onların sağlamlığı, müəyyən problemlərinin aradan qaldırılması üçün bu yardımlar göstərilir. Bu da beynəlxalq hüquq normalarına tamamilə uyğundur".
T.Rzayev bildirib ki, bu gün Ukraynanın xarici işlər nazirinin Azərbaycana səfəri iki dövlət arasında olan sağlam münasibətlərdən xəbər verir:
"Ukrayna Azərbaycan torpaqları işğal altında olarkən daim bizə öz dəstəyini göstərib. Eləcə də bu gün Azərbaycan Ukraynaya öz mənəvi dəstəyini verir. Əlbəttə Ukrayna XİN başçısının Azərbaycana gəlməsi ölkələrimiz arasında münasibətlərin yaxşılaşmasına bir zəmindir. Həm də hər iki dövlətin milli maraqlarına uyğundur. Ona görə də bunu heç də kiməsə qarşı qoyulmuş səfər adlandırmaq olmaz. Bu düzgün deyil, biz dost ölkə olaraq Ukrayna ilə münasibətləri yaxşılaşdırmağa səylər göstəririk. Elə bilirəm ki, bu da dövlətlərimizin öz maraqlarına, xalqlarımızın gələcəyinə, inkişafa, tərəqqiyə, dünyada sülhün və əmin-amanlığın bərpasına hesablanmışdır".
Politoloq Əziz Əlibəyli isə qeyd edib ki, Azərbaycanla Ukrayna həmişə bir-birini dəstəkləyib, beynəlxalq təşkilatlarda əməkdaşlıq ediblər.
"İki ölkə oxşar konfliktlərdən əziyyət çəkib, müxtəlif formada üst-üstə düşən maraqlara və keçmiş ortaq tarixə malikdirlər. Şübhə yoxdur ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən və suverenliyinə qovuşduqdan sonra daha suveren xarici siyasət həyata keçirməyə başladı. Bu mənada Azərbaycanın mövqeyi bir çox ölkələr üçün həlledici oldu".
Ə.Əlibəyli vurğulayıb ki, Azərbaycan Cənubi Qafqaz ölkəsidir.
"Təsadüfi deyil ki, Ukrayna XİN başçısı bu ölkələr arasında ilk olaraq Azərbaycana səfər edir. Azərbaycana səfərinin kökündə o dayanır ki, Azərbaycandan verilmiş qərarlar, atılan addımlar sonrakı iki Cənubi Qafqaz ölkəsi üçün də president müəyyən edir. Burada önəmli iki məsələ var. Birincisi strateji münasibətlərin növbəti səviyyəyə yüksəldilməsi ciddi bir faktor kimi ortadadır. Əlbəttə Azərbaycan Ukraynanın yenidən qurulması ilə bağlı bir rol üstlənməyə hazırdır. Elə hesab edirəm ki, Azərbaycan həm də Ukraynanın əsas humanitar fəlakətlərinin nəticələrinin aradan qaldırılmasında aktorlardan biridir. Bu mənada Azərbaycan həm insani olaraq həm də beynəlxalq hüquqa hörmət olaraq reallaşdırır. Əlbəttə ki, qlobal ədalətin hüququn yanında olduğunu bir daha göstərmiş olur", - deyə o qeyd edib.