...

Bizi uşaqlara göstərib deyirdilər ki, bunlar türkdür, sizin düşmənlərinizdir - Erməni əsirliyində olmuş azərbaycanlı

Siyasət Materials 26 May 2025 20:45 (UTC +04:00)
Bizi uşaqlara göstərib deyirdilər ki, bunlar türkdür, sizin düşmənlərinizdir - Erməni əsirliyində olmuş azərbaycanlı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Zahid Həsənov əsir düşməsi, əsirlik zamanı gördüyü işgəncələrdən danışıb.

Trend xəbər verir ki, o, 1994-cü il martın 7-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində yaralandığını, martın 8-dək orada qaldığını bildirib və əlavə edib: “Mart ayının 8-də həmin kəndə ermənilər daxil oldu. Biz 4 nəfər yaralını əsir götürdülər. Yaralı vəziyyətdə bizi “KamAZ”la aparanda, sonra xəstəxanada da işgəncə verdilər.

Bizi Xankəndidəki 3 saylı uşaq xəstəxanasında saxladılar. Bizim əsir və girovlar, o cümlədən qadınlar və uşaqlar oradaydı. Beynəlxalq Qızıl Xaç Komitəsi də bizə baxmırdı. Komitənin Mark adlı nümayəndəsi var idi, tibbi bacısı isə Veronika idi. Mən təxminən bir ay yarım orada qalmışam. Həmin müddətdə Mark ora iki dəfə gəldi. Nə yaramıza baxdı, nə də bir şey elədi. Gələndə də Mark içkili olurdu, yanındakı tərcüməçilər də erməni qızları idi. Sonra bizi Şuşa həbsxanasına apardılar, Mark ora ümumiyyətlə gəlmədi”.

O, Xankəndidə xəstəxanada saxlanılan zaman orta məktəb şagirdlərinin müəllimləri ilə birlikdə onlara baxmağa gəldiyini bildirib: “Bizi uşaqlara göstərib deyirdilər ki, baxın, bunlar türkdür, sizin düşmənlərinizdir. Uşaqlar da bizə tüpürürüdü, daş atırdı”.

Zərərçəkmiş şəxs qeyd edib ki, bəzi əsirlər döyülərək öldürülüb. Ermənilər onlara məhz azərbaycanlı olduqları üçün işgəncələr verib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 29-da davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti