Bakı. Trend:
Avropada belə bir yalan narrativ formalaşıb ki, Qərb müstəsna olaraq yəhudi-xristian kökləri ilə assosiasiya olunur.
Trend xəbər verir ki, bunu İtaliya İslam Dini İcmasının (COREİS) vitse-prezidenti, Avropa Müsəlman Liderlərinin Məclisinin (EULEMA) sədri İmam Yəhya Pallaviçini Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransda etdiyi çıxışda bildirib.
“O kimlik "doğru" kimi təqdim olunur, digər bütün dəyərlər – o cümlədən, İslam – ona qarşı qoyulur ki, bu isə İslamofobiyaya səbəb olur,” – deyə o qeyd edib.
Pallaviçini vurğulayıb ki, bu yanlış yanaşma təkcə müsəlmanlara qarşı ayrı-seçkilik yaratdığı üçün deyil, həm də bütün ibrahimi dini ənənələrinin – yəhudilik, xristianlıq və islamın – ortaq mənşəyini, yəni Şərqi, nəzərə almadığı üçün yanlışdır. “Məhz oradan onlar Qərbə gəlib və uzun müddət təqiblərə məruz qalıblar,” – deyə o bildirib.
Onun sözlərinə görə, İslam yalnız qismən tanınır, tamhüquqlu və bərabər bir ibrahimi dini irsi kimi qəbul edilmir, bu isə ictimai şüurda da əksini tapır.
“Nəticədə Avropada müsəlmanlar çox zaman ikinci dərəcəli vətəndaşlar kimi qəbul olunur, ağdərili, yəhudi-xristian və ya ultradünyəvi norma çərçivəsinə sığışmayan insanlar kimi dəyərləndirilirlər. Biz bu çağırışların fərqində olmalı və dialoqa töhfə verməliyik, dinin, monoteizmin, ibrahimi köklərin və Şərqlə Qərb arasında əməkdaşlığın həqiqiliyini nümayiş etdirməliyik.
Bu, müsəlmanların Avropanın tamhüquqlu vətəndaşlarına çevrilmələrinə və öz dəyərlərini və məsuliyyətlərini dəqiq şəkildə qavramaqla cəmiyyətin həyatında bərabər şəkildə iştirak etmələrinə yardımçı olacaq”, - deyə İmam Yəhya vurğulayıb.