Bakı. Trend:
28 May tarixində Laçında, Azərbaycanın Müstəqillik Günü münasibətilə Azərbaycan, Türkiyə və Pakistan liderlərini bir araya gətirən əlamətdar üçtərəfli zirvə toplantısı keçirilib. Bu görüş təkcə siyasi hadisə deyil, həm də bütün regiona və dünyaya güclü bir mesaj idi: üç qardaş ölkə çiyin-çiyinə irəliləyir.
Belə formatda ilk görüş keçən ilin payızında Astanada keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutmuşdu. Həmin vaxtdan artıq aydın oldu ki, Azərbaycan, Türkiyə və Pakistan ittifaqı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Dünən Laçında bu birlik öz möhkəmliyini yalnız təsdiqləmədi, həm də siyasət və təhlükəsizlikdən tutmuş iqtisadiyyat və nəqliyyata qədər bütün əsas sahələrdə əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu nümayiş etdirdi.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında ölkələr arasında dərin tarixi və mədəni bağların olduğunu vurğuladı, eləcə də, əməkdaşlıq üçün mövcud olan geniş imkanlarıdan söz açdı:
“Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var.
Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə ambisiyaların miqyasını bu sözlərlə ifadə etdi:
“Biz – ortaq idealları və birgə gücü olan üç qardaş ölkəyik. Sayımız təxminən 350 milyon nəfərdir və birgə 1,5 trilyon dollar ÜDM-ə sahib iqtisadi nəhəng yaradırıq. Bu bizim ortaq yolumuzdur – xalqlarımız üçün güclü və firavan gələcək qurmaq”.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə Azərbaycan, Türkiyə və Pakistanın gücünun həmrəylikdə və qarşılıqlı hörmətdə olduğunu vurğuladı:
“Biz münaqişələrə "yox", sülhə isə "hə" demək üçün buradayıq. Pakistan, Türkiyə və Azərbaycan kimi etibarlı qardaşlara – ədalət uğrunda çiyin-çiyinə duran müttəfiqlərə sahib olmaqdan qürur duyur”.
Sammitlə yanaşı, bayram konserti də keçirildi. Prezident İlham Əliyev konsertdə çıxışı zamanı bildirdi:
“Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”.
Bu mesajlar dərin məna daşıyır və yalnız region qonşularına deyil, həm də geniş beynəlxalq auditoriyaya ünvanlanıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsində Türkiyə və Pakistanın verdiyi dəstək regionda yeni reallığın formalaşmasında əsas amillərdən biri oldu. Qeyd etmək vacibdir ki, bu dəstək birbaşa hərbi müdaxilə şəklində deyil, siyasi, diplomatik və mənəvi həmrəylik formasında özünü büruzə verdi. Sadəcə aydın siqnal kifayət idi: “Biz yanınızdayıq.” Bu misli görülməmiş bir birlik və qətiyyət idi və regionda oyunun qaydalarını faktiki olaraq dəyişdi.
Azərbaycanın 2020-ci ildəki zəfəri, əslində, regionda yeni reallığın formalaşmasına doğru ilk addım oldu. Bu gün Azərbaycan-Türkiyə-Pakistan ittifaqı hərzamankından daha güclüdür, 44 günlük müharibə isə bu münasibətlərin möhkəmliyinin sınağına çevrildi.
Laçından verilən əsas ismarıc Azərbaycanın yaxın qonşularına ünvanlanmışdı: xüsusilə də Ermənistandakı revanşizm meyillərinin artması səbəbilə münaqişənin kəskinləşməsi riskinin mövcud olduğu vurğulanırdı.
Ermənistanda daxili qüvvələr və xarici təzyiqlər hələ də sabitliyin pozulması və silahlı təxribat təhlükəsi yaradır. Belə şəraitdə Azərbaycan xüsusilə ədaləti və beynəlxalq hüququ müdafiə edən müttəfiqlərin – ilk növbədə Türkiyə və Pakistanın dəstəyinə ehtiyac duyur. Ermənistanın müttəfiqlərindən fərqli olaraq, bu ölkələr Bakını geosiyasi təsir uğrunda deyil, səmimi dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq dəstəkləyirlər. Bu isə onların dəstəyini xüsusilə dəyərli və sabit edir.
Siyasi aspektlə yanaşı, əməkdaşlığın mühüm istiqamətlərindən biri də müdafiə sahəsidir. İlk dəfə 2021-ci ildə keçirilən birgə hərbi təlimlər üç ölkənin silahlı qüvvələrinin potensialını gücləndirir və birgə əməliyyatlara hazırlığını artırır.
İqtisadi və logistika sahələrində də nəzərəçarpacaq irəliləyiş müşahidə olunur. Azərbaycan və Türkiyə artıq sabit nəqliyyat-logistika dəhlizləri formalaşdırıb ki, bu dəhlizlərə indi Pakistanın Pakistan-Əfqanıstan-Türkmənistan-Azərbaycan multimodal yük marşrutu vasitəsilə əlavə imkanlar qatılır. May ayında Bakıda Azərbaycanın və Pakistanın dəmir yolları rəhbərlərinin görüşü keçirildi və nəqliyyat daşımalarında əməkdaşlığın genişləndirilməsi müzakirə olundu. Bu dəhlizlər və enerji marşrutları “yumşaq güc” rolunu oynayaraq, qlobal tədarük zəncirlərinin qorunması üçün həyati əhəmiyyətli sabitlik və təhlükəsizliyi təmin edir.
Azərbaycan-Türkiyə-Pakistan üçbucağının özünəməxsusluğu ondadır ki, bu ittifaq qorxu və ya məcburiyyət üzərində deyil, səmimi dostluq münasibətləri əsasında qurulur. Məlum olduğu kimi, Pakistan bu günə qədər Ermənistanı tanımayıb və onunla heç bir əlaqə saxlamayıb – bu isə işğal dövründə Azərbaycan üçün mühüm siyasi dəstək olub. Türkiyə isə regionda sabitliyin qorunması və tərəfdaşların dəstəklənməsi üçün fəal mövqe tutur.
Bu ittifaq rəsmi və institusional şəkildə rəsmiləşdirilməsə də, artıq real və mühüm regional siyasi amilə çevrilib. Hər üç ölkə əmindir ki, istənilən şəraitdə – formal razılaşmaların olub-olmamasından asılı olmayaraq – müttəfiqlərinin dəstəyinə arxalana bilər. Laçından səslənən mesaj bu strateji əhəmiyyətə malik regionda planlar quran hər kəsə ünvanlanmışdı: üç dövlət əməkdaşlığa hazırdır, sülh və sabitliyə can atırlar və onların potensialı gələcək regional nizamın formalaşmasında mühüm rol oynayacaq.
Azərbaycan, Türkiyə və Pakistanı birləşdirən əsas dəyər – kiməsə qarşı düşmənçilik yox, inkişaf, təhlükəsizlik və dostluğa ortaq istəyin olmasıdır. Beynəlxalq siyasətdə bu cür münasibətlər nadir rast gəlinən və uzunmüddətli və dayanıqlı tərəfdaşlıq təmin edə biləcək dəyərli resursdur.