Bakı. Trend:
Azərbaycan, Türkiyə və Pakistan arasındakı qardaşlıq münasibətləri regionun ən möhkəm və strateji əhəmiyyətli əlaqələrindəndir. Bu üç ölkənin ortaq tarixi, mədəni və dini kökləri olması, bir-birinə qardaşlıq münasibəti bəsləməsi onların siyasi, iqtisadi, hərbi və diplomatik sahələrdə birgə hərəkət etməsini təmin edir.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
"Son dövrlərdə liderlər arasında keçirilən mütəmadi görüşlər bu qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olduğunu və hər üç tərəfin bu münasibətləri yalnız irəliyə daşımaqda maraqlı olduğunu göstərir.
Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan üçlü əməkdaşlıq platforması regionda sabitlik və təhlükəsizliyin təmin olunmasında, qarşılıqlı iqtisadi və hərbi əlaqələrin inkişafında vacib rol oynayır. Bu üç ölkə ortaq tarixi köklərə əsaslanmaqla yanaşı, həm də siyasi baxımdan eyni mövqedən çıxış edir, beynəlxalq məsələlərdə bir-birini dəstəkləyir.
Bu strateji yaxınlıq beynəlxalq aləmdə nümunəvi əməkdaşlıq modeli kimi dəyərləndirilir. Laçında keçirilən üçtərəfli görüş, liderlərin çıxışları da bu birlik və qarşılıqlı dəstəyin vacibliyini bir daha təsdiqlədi. Görüşdə Azərbaycan, Türkiyə və Pakistanın gələcəkdə də qarşılıqlı əməkdaşlığın bütün sahələrdə - siyasət, iqtisadiyyat, investisiya və müdafiə sahələrində inkişaf etdirilməsi məsələləri prioritet kimi vurğulandı.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. "2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub". Dövlətimizin başçısı haqlı olaraq vurğulayıb ki, ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var. Eyni zamanda, Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Yəni, hər üç ölkə bu əməkdaşlığın yeni üfüqlərə açılmasının və inkişafının tərəfdarıdır və bu istiqamətdə fəal işləməyə davam edir", - o bildirib.
Onun sözlərinə görə, Türkiyə son illərdə regional gücdən qlobal gücə çevrilməkdədir.
"Onun beynəlxalq səviyyədə artan nüfuzu və əldə etdiyi uğurlar, əlbəttə ki, Azərbaycana da müsbət təsirlər göstərir. Türkiyə həm NATO daxilində, həm də regional təşkilatlarda önəmli oyunçudur. Türkiyənin Azərbaycanla əlaqələri təkcə strateji əməkdaşlıq deyil, həm də qardaşlıq münasibətidir. Türkiyə Azərbaycanın Qarabağ bölgəsindəki bərpa işlərinə fəal dəstək verir, orada infrastruktur layihələrini reallaşdırır, hərbi texniki əməkdaşlığı genişləndirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Laçına səfəri, burada yeni hava limanının açılışında iştirakı bu dostluq və əməkdaşlığın ən yüksək səviyyədə olduğunu nümayiş etdirir. Xatırladım ki, Rəcəb Tayyib Ərdoğan bundan öncə həm Füzuli, həm də Zəngilan hava limanlarının açılışlarında da iştirak edib. Bu da, öz növbəsində, iki ölkə liderinin münasibətlərinin ən yüksək səviyyədə olduğunun göstəricisidir.
Rəcəb Tayyib Ərdoğanın da çıxışında bildirdiyi kimi, Azərbaycan, Türkiyə və Pakistan qarşılıqlı sevgi, hörmət və etimada əsaslanan, eyni mədəniyyət mühitindən bəhrələnən ortaq idealları bölüşən üç qardaş ölkədir:
"Təxminən 350 milyon əhaliyə və 1,5 trilyon dollar iqtisadi gücə sahib ölkələrimizin arasındakı bağları daha da gücləndiririk. Birliyimizi strateji tərəfdaşlığa çevirməyə yönəlmiş hər bir addımın arxasında olduğumuzu xüsusilə vurğulamaq istəyirəm. Bölgəmizdə baş verən hadisələr ölkələrimiz arasındakı həmrəyliyin nə qədər vacib olduğunu gündən-günə daha aydın şəkildə göstərir".
Üçtərəfli əməkdaşlığı daha da irəli aparmaq üçün bu münasibətlər durmadan dərinləşməli, qarşılıqla layihələrin sayı artmalıdır. Üç ölkənin belə yaxın dost olması, qardaş olması çox böyük bir qüvvədir. Azərbaycan, Türkiyə və Pakistanın gələcək inkişafı, bir-birinə siyasi dəstəyi, investisiyaları artırması və sair istiqamətlərdə əlaqələri dərinləşdirməsi gələcəkdə üç ölkənin bütün regionda daha da güclü söz sahibinə çevirəcək", - o bildirib.
Pakistana gəldikdə, A.Qarayev qeyd edib ki, bu ölkə nüvə gücü kimi regionda öz mövqeyini möhkəmləndirib.
"Bu, Pakistanın regional siyasətində önəmli rol oynayır. Pakistanın Azərbaycana dəstəyi özünü həm siyasi, həm iqtisadi, həm də hərbi sahələrdə göstərib. Azərbaycan da, öz növbəsində, Pakistana hər məsələdə dəstək olub, onunla eyni mövqedən çıxış edib. Yaxın keçmişdə, Pakistanla Hindistan arasında olan qısa münaqişədə də Azərbaycan öz qəti mövqeyini sərgilədi, Pakistanı dəstəklədiyini, onun haqlı mübarizəsində yanında olduğunu bir daha sübut etdi.
Şahbaz Şərifin də Laçına səfəri etməsi, burada üçlü görüşdə iştirakı, təbii ki, bu münasibətlərin ən yüksək səviyyədə olduğunu bir daha göstərdi. Üç ölkənin birgə addımları regionda sülh və inkişafın təminatçısı kimi çıxış edir. Şahbaz Şərif öz çıxışında qeyd etdi ki, son dövrlərdə üç ölkə arasında bu tarixi münasibətləri Qarabağda, Kəşmirdə və Şimali Kiprdə bir-birimizin yanında olmağımızla gücləndirmişik.
"Bizim gücümüz həmrəyliyimizə və qarşılıqlı hörmətə əsaslanır. Bu, təbiidir, çünki Türkiyədə və Azərbaycanda qardaş xalqlarımız bizə güclü dəstək olmuşlar. Sıravi vətəndaşlarımızın coşqusu bizi valeh etməyə bilməzdi. Mən Pakistanın Hindistanla sonuncu münaqişəsindən bəhs edirəm". Baş nazirin də sözülərindən gördüyümüz kimi, ümumiyyətlə gündəlik həyatımızda da şahidi olduğumuz kimi, Azərbaycan, Türkiyə və Pakistan arasında qardaşlıq münasibətləri yalnız siyasi səviyyədə deyil, həm də xalqlar arasında möhkəmlənir. Xalqalrın bir-birinə qardaş, dost kimi münasibət bəsləməsi, əlbətdə ki, bu münasibətlərin inkişafına misilsiz töhvə verir", - o bildirib.
A.Qarayev qeyd edib ki, Azərbaycanla Türkiyə və Pakistan arasında mövcud olan ikitərəfli münasibətlər artıq üçtərəfli platformaya inteqrasiya olunur.
"Bu model ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlıq, strateji birgəlik və regional inteqrasiyanın yeni mərhələsini ifadə edir. Üçtərəfli görüşlər bu platformanın rəmzi və real təzahürüdür. Bu platforma vasitəsilə regionda iqtisadi layihələrin, investisiya imkanlarının genişləndirilməsi, hərbi-texniki əməkdaşlığın gücləndirilməsi və diplomatik koordinasiyanın daha da dərinləşdirilməsi reallaşdırılır. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə və Pakistanın liderləri tərəfindən böyük hörmətə və etimada malikdir. Bu da üç ölkə arasındakı əməkdaşlığın möhkəmlənməsində vacib faktordur.
Liderlər arasındakı şəxsi münasibətlər qarşılıqlı etimad və siyasi iradənin ifadəsidir. Bu münasibətlər vasitəsilə regionda yeni layihələr və təşəbbüslər uğurla həyata keçirilir. Prezident İlham Əliyevin faktoru və apardığı strateji siyasət həm Türkiyə, həm də Pakistanın Azərbaycana dəstəyini daha da artırır. Azərbaycan-Türkiyə-Pakistan üçlüyünün gələcəkdə əməkdaşlıq sahələrini daha da genişləndiriləcəyi aydındır. Enerji, nəqliyyat, investisiyalar və hərbi sahə kimi vacib istiqamətlərdə yeni layihələr planlaşdırılır. Bu üç ölkə arasında möhkəm qardaşlıq münasibətləri və strateji əməkdaşlıq regional sabitliyin və təhlükəsizliyin təmin olunmasında aparıcı rol oynayır və oynayacaq da", - politoloq əlavə edib.