Bakı. Trend:
28 May – Müstəqillik Günündə Laçın şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin bir araya gəlməsi həm tarixi, həm də strateji baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu görüş dostluq, müttəfiqlik və ortaq dəyərlərin zirvəyə yüksəldiyinin əyani sübutudur.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin vurğuladığı kimi, Zirvə görüşünün Azərbaycanın Müstəqillik Günündə erməni işğalından azad edilən Laçında keçirilməsinin böyük rəmzi mənası var:
“Laçın xalqımızın qəhrəmanlığının, dövlətimizin əzm və iradəsinin simvoluna çevrilmiş bir şəhərdir. İllərlə düşmən tapdağında olmuş Laçın artıq təkcə azad deyil, həm də bərpa edilmiş, dirçəldilmiş və beynəlxalq səviyyədə tanınan görüşlərin məkanıdır. Məhz bu şəhərdə dost və qardaş ölkələrin liderlərinin görüşməsi Azərbaycan diplomatiyasının gücünü və strateji baxışını dünyaya nümayiş etdirdi. Zirvə görüşünün Laçında keçirilməsi həm də Türkiyə və Pakistanın ölkəmizin ərazi bütövlüyünə dəstəyinin növbəti canlı nümayişidir”.
Deputat bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan tarix boyu bir-birinin uğurlarına sevinib, çətin günlərdə həmrəylik nümayiş etdirib:
“Ölkələrimiz arasında münasibətlər sırf rəsmi səviyyədə diplomatik əlaqələrdən ibarət deyil. Bu üç ölkə arasında sarsılmaz dostluq, qardaşlıq və qarşılıqlı inam var. Azərbaycan-Türkiyə-Pakistan münasibətləri illərin sınağından keçmiş, çətinliklər içərisində bərkimiş bir bağa çevrilib”.
S.Salmanova qeyd edib ki, Azərbaycan, Türkiyə və Pakistan üçbucağı Cənubi Qafqaz, Cənubi Asiya və Orta Şərqdə yeni balansın əsas oyunçularından biridir:
“Bu əməkdaşlıq yalnız regional deyil, qlobal geosiyasətdə də müsəlman ölkələrinin mövqeyinin güclənməsinə şərait yaradır. Üç dövlətin ortaq addımları beynəlxalq arenada daha effektiv mövqeyin təmin olunmasına, regional problemlərin birgə həllinə və sülhün qorunmasına xidmət edir. Enerji layihələri, nəqliyyat dəhlizləri və hərbi-texniki əməkdaşlıq bu məqsədlərin real ifadəsidir. Azərbaycan, Türkiyə və Pakistan liderləri bu görüşlə həm də dünyaya mesaj verdilər: biz yalnız dost deyilik, biz strateji ortaq, mədəni qardaş və siyasi müttəfiqik. Bu birliyin gücü təkcə region üçün deyil, daha geniş coğrafiyada sülhə, inkişafa və ədalətə xidmət göstərə bilər”.
Parlamentari hesab edir ki, Azərbaycanın müstəqillik tarixinin ən önəmli günlərindən birində baş tutan bu Zirvə görüşü ölkəmizin regional liderlik mövqeyini daha da möhkəmləndirdi, Türkiyə və Pakistanla birgə atılan bu addım həm də XXI əsrin yeni geosiyasi reallıqlarında “üç dövlət – bir mövqe”nin parlaq nümunəsinə çevrildi.