...

Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq konfrans keçirilib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 3 İyun 2025 09:36 (UTC +04:00)
Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq konfrans keçirilib (FOTO) (YENİLƏNİB)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda keçirilən beynəlxalq elmi konfransın ilk günü başa çatıb.

Trend xəbər verir ki, konfransda BMT-nin dekolonizasiya sahəsi üzrə təcrübəli ekspertləri, Fransanın keçmiş və hazırkı müstəmləkələrində fəaliyyət göstərən tanınmış alimlər, beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssislər, xarici ölkələrin Azərbaycanda akkreditə olunan səfirləri, eləcə də millət vəkilləri iştirak edib.

Tədbirdə müstəmləkəçilik siyasətinin ağır fəsadları, kolonial dövlətlərin əsarət altında saxladıqları xalqlara münasibətdə həyata keçirtdikləri siyasət, tətbiq olunan ayrıseçkilik metodları, habelə neokolonializmin tərkib hissəsi olan tətbiq edilən siyasi, iqtisadi və mədəni məhdudiyyətlər, milli kimliyin məqsədli şəkildə itirilməsi siyasəti elmi və metodoloji yanaşmalar əsasında dərindən təhlil ediləcək.

Beynəlxalq hüququn, habelə BMT qətnamələrinin tələbi olan dekolonizasiya prosesinin yekunlaşdırılmasının kolonial güclər tərəfindən qarşısının alınması və bu konteksdə beynəlxalq təşkilatlar çərçivəsində mövcud imkanlardan istifadə, təsirli mexanizmlərin həyata keçirilməsi, həmçinin sistemli bərabərsizliklərin beynəlxalq təşkilatlar səviyyəsində həlli yolları müzakirə olunacaq.

Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov bildirib ki, müstəmləkəçilik sadəcə tarixi ədalətsizlik deyil, - o hələ də aktual çağırış olaraq qalmaqdadır.

“Müstəmləkəçiliyin tarixi ədalətsizlik olduğunu qəbul etmək vacib olsa da, biz onu yalnız keçmişdə qalmış bir fenomen kimi qiymətləndirməməliyik”, – deyə Abbasov vurğulayıb.

Onun sözlərinə görə, müstəmləkəçilik siyasəti bu gün də müxtəlif formalarda – istər siyasi təzyiq, iqtisadi məhdudiyyətlər, mədəni hegemonluq, istərsə də institusional bərabərsizlik şəklində özünü büruzə verir.

2023-cü ilin iyul ayında nazirlər səviyyəsində keçirilmiş görüş zamanı yaradılan BTQ müasir müstəmləkəçiliyin formalarına qarşı beynəlxalq səyləri dəstəkləməyi öz üzərinə götürüb – bu istiqamətdə tədqiqatlar, maarifləndirmə fəaliyyəti və inklüziv dialoq aparılır.

“Son iki ildə biz Qvadelupa, Mayotta, Karaka, Fransız Qvianası, Reyunion, Korsika, Martinika və bu günə qədər müstəmləkəçi idarəçilikdə qalan digər ərazilərə həsr olunmuş təxminən 30 beynəlxalq tədbir keçirmişik”, – deyə Abbasov qeyd edib.

O, bu kimi kolonial strukturların BMT Nizamnaməsi, İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsi və BMT Baş Assambleyasının çoxsaylı qətnamələri ilə ziddiyyət təşkil etdiyini bildirib. Abbasov birbaşa və gizli müstəmləkəçilik formalarına qarşı beynəlxalq hüquqi mexanizmlərdən istifadə etməyə, ictimaiyyətin məlumatlılığını artırmağa və çoxtərəfli əməkdaşlığı inkişaf etdirməyə çağırıb.

“Konfransın məqsədi – müstəmləkəçi ideologiyaların necə formalaşdığını, institusional xarakter aldığını və əsaslandırıldığını anlamaq, və ən əsası isə onların irsinin müasir dünya nizamına necə təsir etdiyini daha dərindən anlamaqdır”, – deyə Abbasov bildirib.

ABŞ-ni təmsil edən İdarəçilik üzrə beynəlxalq məsləhətçi Carlyle Corbin isə qeyd edib ki, müstəmləkəçilik beynəlxalq hüquq məsələsi kimi BMT Nizamnaməsində əks olunub. 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının yaradılmasından sonra dekolonizasiya (müstəmləkəçiliyin ləğvi) üç əsas mərhələdə baş verib. Dekolonizasiya bu gün də BMT-nin diqqət mərkəzindədir və bir sıra ərazilərlə bağlı proseslər hələ də davam edir.

“Birinci mərhələ 1946-cı ildə müstəqil idarə olunmayan ərazilərin siyahısının tərtib edilməsi ilə başlayıb. Həmin vaxt 74 ərazi könüllü şəkildə Böyük Britaniya, ABŞ, Fransa, Niderland, Yeni Zelandiya və digər inzibati güclər tərəfindən bu siyahıya daxil edilib.

1946-1960-cı illər arası dövr “ilk uyğunlaşma mərhələsi” kimi qiymətləndirilir. Bu mərhələdə “özünüidarənin tam səviyyəsi” anlayışının tərifi müzakirə mövzusuna çevrilib. Bu prinsip BMT Nizamnaməsinin XI fəslinin 73-cü maddəsində öz əksini tapır. Bəzi ərazilər BMT qətnamələri ilə siyahıdan çıxarılıb, lakin bəzi hallarda, xüsusilə Fransa tərəfindən, bu addım birtərəfli şəkildə atılıb. Məsələn, Fransız Polineziyası (əvvəlki Fransız Okeaniyası) buna misaldır.

1960-cı ildə BMT tərəfindən “Müstəmləkəçiliyin ləğvi haqqında Bəyannamə” qəbul olunub. Bu sənədə paralel olaraq qəbul edilən 1541 saylı qətnamədə isə müstəqil inkişaf, müstəqillik, yenidən birləşmə və inteqrasiya prinsipləri müəyyən olunub. Bu prinsiplər əsasında bir çox ərazi dekolonizasiya prosesinə daxil olub. İkinci mərhələ (1960-1990-cı illər) sürətli dekolonizasiya dövrü hesab olunur. Xüsusilə Karib və Sakit okean regionlarında bir sıra ərazilər bu dövrdə statuslarını dəyişərək yeni siyasi mərhələyə keçiblər. Dekolonizasiya prosesi bu günədək davam etməkdədir”, - deyə Carlyle Corbin əlavə edib.

Konfrans öz işini sabah davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti