Bakı. Trend:
Bakıda saxlanılan Rusiya vətəndaşlarını, o cümlədən "Sputnik" agentliyinin əməkdaşlarını yaxınları ziyarət edib.
Bu barədə Trend-ə Ombudsman Aparatından bildirilib.
Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) milli preventiv mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin hər biri fərdi qaydada qəbul edilib, saxlama şəraiti və onlarla rəftar məsələləri yerində araşdırılıb.
Bakıda saxlanılan Rusiya vətəndaşlarının ailə üzvləri Ombudsman Aparatında qəbul edilib, yaxınları ilə görüşləri ilə bağlı müraciətləri Ombudsman tərəfindən təmin olunub.
Ombudsmanın MPQ üzvləri tərəfindən qəbul edilən saxlanılan şəxslər saxlanılma şəraiti və onlarla rəftardan şikayət etməyib, görüş və tibbi yardımla bağlı müraciətlərinin təmin olunduğu müşahidə edilib.
Məsələ Ombudsmanın diqqətində saxlanılır.
Xatırladaq ki, iyulun 1-də Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstə saxlanılıb. Məhkəmənin qərarı ilə onlar barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, iyulun 1-də "Sputnik Azərbaycan" İnformasiya Agentiliyinin ofisində keçirilən əməliyyatla “Sputnik”in Bakı filialının icraçı direktoru İqor Kartavıxın və şef redaktoru Yevgeni Belousov saxlanılıb.
Onların hər ikisi Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham verilib və Xətai rayon Məhkəməsində barələrində həbs qətimkan tədbiri seçilib.