...

Şuşa Qlobal Media Forumunda müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır - Hikmət Hacıyev

Siyasət Materials 20 İyul 2025 10:58 (UTC +04:00)
Şuşa Qlobal Media Forumunda müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır - Hikmət Hacıyev
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşa Qlobal Media Forumu Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada keçirilir. Çünki Şuşa Azərbaycan xalqının tarixi yaddaşı və ilham mənbəyidir. Bu müqəddəs şəhərdən bir çox naşirlər, yazıçılar və düşüncə sahibləri çıxıb, xalqımızın mədəni və elmi irsinə töhfə veriblər.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” adlı 3-cü Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı söyləyib.

O qeyd edib ki, Foruma dünyanın müxtəlif ölkələrindən media nümayəndələri və ekspertlər dəvət edilib. Burada müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır və paylaşılır. “Bu forumun postmünaqişə dövründə, bir vaxtlar müharibənin izlərini daşıyan, lakin bu gün yenidən qurulan bir şəhərdə keçirilməsi əlamətdar haldır.

Şuşa bir zamanlar misli görünməmiş feyk xəbərlərin, təxribatçı məlumatların hədəfi olmuşdur. 1990-cı illərin əvvəllərində, Şuşadan cəmi bir neçə kilometr aralıda, Xocalıda dəhşətli soyqırımı törədilib. Lakin o vaxt bu faciəni işıqlandıran media qurumlarının sayı çox az idi”,-deyə H.Hacıyev bildirib.

O qeyd edib ki, Şuşa Qlobal Media Forumu Prezidentlə birbaşa ünsiyyət platforması kimi də olduqca önəmlidir: “Biz Forum vasitəsilə Prezident İlham Əliyevlə birbaşa təmasda olur, regionun hazırkı inkişafı ilə bağlı məlumat alırıq. Forum iştirakçıları Ağdama səfər edəcək, bir hissəsi artıq Xankəndidə olub və bəziləri Laçına da səfər edəcək”.

Prezidentinin köməkçisi Azərbaycan mediasının bu il 150 illik yubileyini qeyd etdiyinə də diqqət çəkib: “İlk Azərbaycan qəzeti olan “Əkinçi”nin Həsən bəy Zərdabi tərəfindən nəşr olunduğu vaxtdan bəri milli mətbuatımız böyük inkişaf yolu keçib. O dövrdə sərt senzura mövcud olsa da, “Əkinçi”də təkamül, maariflənmə və cəmiyyətin inkişafı ilə bağlı mövzular dərc olunurdu. Bu qəzet yeni düşüncələrin formalaşmasına, maarifçiliyin yayılmasına mühüm zəmin yaratdı.

Bu gün biz həmin maarifçilik ruhunu yaşadaraq, media vasitəsilə həqiqətlərin yayılmasına və sağlam cəmiyyətin qurulmasına xidmət edirik”.

Xəbər lenti

Xəbər lenti