Bakı. Trend:
Pakistan Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən sammitdə imzalanmış tarixi razılaşmanı alqışlayır.
Trend xəbər verir ki, bunu Pakistanın baş naziri Şahbaz Şərif “X”sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, bu əlamətdar hadisə onilliklər boyu münaqişələr və insan iztirabları yaşamış Cənubi Qafqaz regionunda sülh, sabitlik və əməkdaşlığın yeni erasının başlanğıcını göstərir.
“Biz Prezident İlham Əliyevi və Azərbaycan xalqını öz regionları üçün sülh dolu gələcəyin qurulmasında müdriklik və uzaqgörənlik nümayiş etdirən bu tarixi razılaşma münasibətilə təbrik edirik. Pakistan həmişə qardaş Azərbaycan xalqını dəstəkləyib və tarixinin bu şanlı anında da onun yanındadır.
Həmçinin, hər iki tərəfin ticarət, əlaqələrin inkişafı və regional inteqrasiyanın yeni imkanlarını açan razılığa gəlməsinə şərait yaratmış ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə həyata keçirilən vasitəçilik rolunu yüksək qiymətləndiririk. Ümid edirik ki, bu dialoq ruhu uzunmüddətli münaqişələrlə üzləşmiş digər regionlar üçün də nümunə olacaq”, – deyə o qeyd edib.