Bakı. Trend:
Lənkəran rayonunun Hirkan–Daştatük–Biləsər avtomobil yolu təmir olunacaq.
Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hirkan–Daştatük–Biləsər avtomobil yolunun dağılmış hissəsinin bərpası və istinad divarlarının tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə1,5 milyon manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.