Bakı. Trend:
Prezident İlham Əliyev avqustun 8-də Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində səfərin yekunları, imzalanan sənədlər və gələcək perspektivlərlə bağlı vacib məsələlərdən söz açdı, mühüm mesajlar verdi.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
"Prezident İlham Əliyevin ABŞ-yə səfəri, orada imzalanan önəmli sənədlər Azərbaycan-Amerika münasibətlərində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Ermənistanla Birgə Bəyannamənin imzalanması və sülh sazişinin paraflanmasından əlavə, səfərin ən önəmli mesajı Azərbaycan və ABŞ arasında əməkdaşlıq və strateji tərəfdaşlıq istiqamətində yeni səhifənin açılmasıdır.
Dövlətimizin başçısı bu səfərin, Donald Trampla görüşün yekunlarını çox müsbət qiymətləndirdi. Görüşlərin səmimi və dostluq şəraitində keçməsi tərəflər arasında etimadın möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, dövlət başçısı müsahibəsində strateji tərəfdaşlıq və regional sülh üçün mühüm məsələlərə toxundu, vacib mesajlarlar verdi", - o bildirib.
A.Qarayev qeyd edib ki, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması və əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi (energetika, nəqliyyat, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi) ölkəyə geniş imkanlar açır.
"Bu sahələrdə investisiya və qarşılıqlı layihələr Azərbaycan üçün prioritet olacaq. Prezident İlham Əliyevin vurğuladığı kimi, əvvəlki administrasiya dövründə əlaqələrin dondurulması Azərbaycan üçün vaxt itkisi yaratmışdı, indi isə bu imkanlar sürətlə reallaşdırılmalıdır. Prezident İlham Əliyevin açıqlamalarından aydın olur ki, ABŞ-yə səfər yalnız diplomatik görüşlərdən ibarət olmayıb, həm də Azərbaycan-ABŞ münasibətlərində yeni bir mərhələnin başlanğıcıdır. Xüsusilə Prezident Trampla ilk şəxsi görüşün səmimi, mehriban və nəticəyönümlü keçməsi, gələcək əməkdaşlıq üçün etimad mühitini gücləndirir. Dövlət başçısının vurğuladığı kimi, şəxsi təmaslar rəsmi sənədlərlə yanaşı, tərəflər arasında qarşılıqlı anlayış və dostluq əlaqələrinin inkişafına xidmət edir", - o bildirib.
Onun sözlərinə görə, tarixi əhəmiyyət daşıyan digər məqam "Azadlığa dəstək aktı"na edilən 907-ci düzəlişin dayandırılmasıdır.
"Bu jest yalnız rəmzi xarakter daşımır, eyni zamanda, Azərbaycan-Amerika münasibətlərində uzun illər davam edən ədalətsiz vəziyyətin aradan qaldırıldığını simvolizə edir. Prezident İlham Əliyevin xatırlatdığı kimi, 907-ci düzəliş 1992-ci ildən etibarən Azərbaycanın inkişaf imkanlarını məhdudlaşdırmış, ölkəni sanksiyalar altında saxlamışdı. Bu addım həm də Tramp administrasiyasının Azərbaycan və regiona diqqətinin göstəricisidir.
Eyni gündə Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması da region üçün önəmli siyasi mesajdır. Energetika, nəqliyyat, təhlükəsizlik və digər strateji sahələri əhatə edən bu əməkdaşlıq planı, Cənubi Qafqazda sabitlik və inkişaf üçün yeni perspektivlər açır.
Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanın xarici yardıma ehtiyacı olmasa da, bu addımlar rəmzi və strateji önəm daşıyır, həm ölkənin mövqeyini möhkəmləndirir, həm də regionda sülh və firavanlığa töhfə verir. Beləliklə, səfər və imzalanan sənədlər Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açıldığını, şəxsi təmasların və strateji qərarların qarşılıqlı etimad və tərəfdaşlıq mühitini möhkəmləndirdiyini göstərir. Bu, həm də konkret siyasi və iqtisadi imkanların reallaşdırılması baxımından əhəmiyyətlidir", - o bildirib.
A.Qarayev qeyd edib ki, dövlətimizin başçısı müsahibəsində Ermənistanla sülh razılaşmasına da xüsusi diqqət yetirib.
"Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan regionda sülhün təmin edilməsində təşəbbüskar rol oynayıb. Sülh müqaviləsi üzrə danışıqlar prosesi sadə olmayıb, əsas maneələrdən biri Ermənistanın Qarabağla bağlı şərtlərini müqaviləyə daxil etmək istəyi olub.
Bu, hüquqi və siyasi baxımdan əsassız tələb idi və Azərbaycan tərəfi bunun dövlətlərarası sazişə aid olmadığını dəfələrlə izah edib. Lakin Ermənistan yalnız 2023-cü ilin antiterror əməliyyatından sonra reallıqlarla barışaraq fəal danışıqlara başladı.
Bugünkü paraflama mərhələsi, Ağ Evdə Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakı ilə həyata keçirilməsi, yalnız rəmzi bir addım deyil, həm də bölgədə dayanıqlı sülh üçün konkret baza yaradır. Prezident İlham Əliyevin bildirdiyi kimi, Ermənistanın konstitusiyasında ərazi iddiasının aradan qalxması müqavilənin tam imzalanması üçün əsas şərtdir. Bu sülh müqaviləsi, həm Azərbaycan, həm Ermənistan, həm də bütün Cənubi Qafqaz üçün tarixi əhəmiyyət kəsb edir", - o bildirib.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyev həmçinin ABŞ mediasında Azərbaycana qarşı yayılan saxta xəbərlərin uzun müddət ölkəmizin nüfuzuna mənfi təsir göstərməsindən söz açıb.
"Dövlət başçısının vurğuladığı kimi, “Washington Post”, “New York Times”, “Newsweek” və digər media qurumlarında yayılan məlumatlar əsasən erməni lobbi qruplarının təsiri altında hazırlanıb və Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən yanlış qiymətləndirilməsinə səbəb olub. Bu yanaşma yalnız ölkəmizin haqq-ədalət mübarizəsini çətinləşdirməyib, həm də regional sabitliyi pozmağa yönəlmişdi.
Azərbaycanın multikultural və tolerant dövlət modeli, etnik və dini müxtəlifliyi, bütün dini obyektlərin qorunması və sakinlərin harmonik birgəyaşayışı, dövlət başçısının sözlərinə görə, yayılan saxta məlumatların əsassız olduğunu açıq şəkildə göstərir. Xüsusilə strateji əhəmiyyət kəsb edən məsələlərdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz quru əlaqənin təmin olunmasıdır.
Paraflanan sənəd Azərbaycanın ərazi bütövlüyünü və sərhəd keçid hüquqlarını rəsmi şəkildə təsdiq edir, eyni zamanda, Ermənistanın öhdəliklərini rəsmiləşdirir. Bu addım illərlə gecikmiş, lakin regionda sülhün və iqtisadi inteqrasiyanın gücləndirilməsi üçün əsas şərtlərdən biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dəmir yollarının bərpası, dəhlizlərin şaxələndirilməsi Azərbaycanın regional tranzit imkanlarını artıracaq, iqtisadi əlaqələri gücləndirəcək və bütün qonşu ölkələr üçün fayda yaradacaq. Bu təşəbbüslər göstərir ki, Azərbaycan yalnız diplomatik və siyasi müstəvidə deyil, həm də iqtisadi və strateji sahələrdə regionun inteqrasiyasını təmin etmək istiqamətində konkret addımlar atır", - o bildirib.
A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin müsahibəsinin yekununda səfər çərçivəsində imzalanan mühüm sənədlərdən biri olan “ExxonMobil” və SOCAR arasındakı memorandumdan da danışıb.
"ExxonMobil və SOCAR arasında memorandum yalnız iqtisadi sənəd deyil, Azərbaycanın enerji və texnologiya sahəsində strateji mövqeyini möhkəmləndirir. Bu əməkdaşlıq yeni karbohidrogen ehtiyatlarının kəşfi potensialını artırmaqla yanaşı, ölkənin enerji infrastrukturu və tranzit imkanlarını genişləndirir.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan artıq regional qaz tədarükündə mühüm rol oynayır və bu addım ölkəni həm Avropa, həm də Yaxın Şərq bazarlarında daha aktiv iştirakçıya çevirir. Eyni zamanda, ABŞ-la süni zəka və rəqəmsal transformasiya sahəsində əməkdaşlıq iqtisadi və təhlükəsizlik baxımından Azərbaycanın rəqabət üstünlüyünü artırır. Bu yanaşma yalnız enerji layihələrini deyil, həm də modern texnologiyalar vasitəsilə iqtisadi diversifikasiyanı və regional təsiri gücləndirir. Beləliklə, memorandum həm praktiki, həm də strateji əhəmiyyət daşıyır və Azərbaycanın regional liderliyini möhkəmləndirir", - politoloq əlavə edib.