Bakı. Trend:
Heydər Əliyev Fondunun təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn layihələri paytaxtla yanaşı regionları da əhatə edir.
Trend xəbər verir ki, 70-dən artıq yaşı olan Samux rayonu Alıuşağı kənd tam orta məktəbinin də yenilənməsinə əsas yaranmışdı. 1953-cü ildə inşa olunan təhsil ocağı ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü.
Heydər Əliyev Fondu tərəfindən 2024-ci ildə 360 şagird yerlik
yeni məktəbin inşasına başlanılmışdı.
3 mərtəbəli məktəb binası 4 korpusdan ibarətdir.
Burada sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, STEAM mərkəzi, hərbi təlim, tibb, əmək təlimi otaqları, eləcə də məktəbəqədər sinif otağı, kitabxana, yeməkxana, akt və idman zalları qurulub, məktəbin ərazisində açıq idman meydançası yaradılıb.
Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və
laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun yeni təhsil ocaqlarının inşası və
artıq istifadəyə yarasız olan təhsil müəssisələrinin yenidən
qurulması istiqamətində gördüyü işlər dövlətin təhsil sahəsində
apardığı siyasətə dəstək olaraq gənc nəslin daha bilikli
yetişməsinə və keyfiyyətli təhsil almasına töhfə vermiş olur.