Astana.Trend:
Qazaxıstan və Azərbaycan atom sənayesi və nüvə texnologiyalarının dinc məqsədlərlə istifadəsi sahəsində ikitərəfli əməkdaşlığın inkişafını müzakirə ediblər.
Trend bu barədə Qazaxıstanın Atom Enerji Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, danışıqlar qurumun sədri Almasadam Satqaliyev və Azərbaycanın energetika naziri Pərviz Şahbazovun iştirakı ilə aparılıb.
Əsas diqqət atom sənayesinin fəaliyyətinə nəzarət və tənzimlənməsi üzrə təcrübə mübadiləsinə, nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsinə, həmçinin ekoloji monitorinq və radioaktiv materiallarla rəftar məsələlərinə yönəldilib.
Tərəflər həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması, şaxələndirmənin perspektivləri və müasir texnologiyaların tətbiqi məsələlərini müzakirə ediblər.
“Qazaxıstan və Azərbaycan qardaş ölkələrdir, bizi uzunmüddətli əlaqələr və təhlükəsiz, dinc atom energetikasının inkişafına dair ortaq istək birləşdirir. Biz təcrübə mübadiləsini davam etdirmək və əməkdaşlığı gücləndirmək niyyətindəyik, bu isə dövlətlərimizin və bütün regionun xeyrinə olacaq”,- deyə Satqaliyev bildirib.